Qazaxda Vətən müharibəsi şəhidi Anar Vəliyevin ildönümü qeyd olunub
Rəşadətli
Azərbaycan Ordusu 1 il əvvəl 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tariximizə
əsl qəhrəmanlıq dastanı yazdı. Azərbaycan xalqının 30 illik Vətən həsrətinə,
yurd, el-oba niskilinə 44 gündə son qoyaraq ordumuzun nəyə qadir olduğunu bütün
dünyaya nümayiş etdirdi. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları
işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni
torpaqlarımızdan qovdu. Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda
son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər. Ölümün gözünə dik
baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Azərbaycanın
ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində Şəhidlik adlı
uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Anar Vəliyev də döyüş yoldaşları,
silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə
qaytardılar. Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü canı
bahasına qoruyan, döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham
Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, "Laçının
azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən
oğlunun bu gün uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən 1 il
ötür. Bu gün şəhidimizin doğulduğu Orta Salahlı kəndində ildönümü qeyd
olunub. İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan
Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan
Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax
rayon şöbəsinin sədrləri və üzvləri, şəhid ailələri, şəhidimizin ailə
üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. İgid Vətən oğlunun ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla
yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Laçının
azad olunmasına görə” medalı atasına təqdim olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir
diləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən
müharibəsində qazanılan şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə
Anarın da payı olduğunu bildirib. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan,
göstərdiyi şücaətdən söz açan icra başçısı illər keçsə də Anar kimi
qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb. Rayon rəhbəri Vətənin ərazi
bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı
canından keçərək azad edən Anar kimi oğullarımızla illər keçsə belə hər zaman
qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan
Qazaxın igid oğullarının sırasında dayanan Anarın təkcə qazaxlıların, doğma
el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr
etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş
Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu
olduğumuzu bir daha söyləyib. "Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid
ailələrinin bizim qayğımıza, diqqətimizə ehtiyacı var. Bizim də hər zaman
borcumuzdur ki, həmin qayğını onlara hiss etdirək, dəstəyimizi onlardan
əsirgəməyək. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı
göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş
əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı Qazaxda
bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə,
qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını
vurğulayıb. Şəhidimizin anası Fazilə Məmmədova şəhid ailəsi kimi hər zaman
onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını
bildirib. Övladının xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Anarın timsalında
bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi
qiymətləndirib. Əsgər Vəliyev Anar Həmzə oğlu Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə
Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Səməd
Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,
2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağrılmışdır. Anar
Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlamış, Füzulinin, Laçının
düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərmişdir.
Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman
vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub. Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi
istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan
silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına
şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan
Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Subay idi. Azərbaycanın
hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından
keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra
ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev
cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş