Elinə qürur yaşadan
Respublika mətbuatı Qazax haqqında Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək
Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də qazaxlı əsgər Vəliyev
Anar Həmzə oğludur. Əsgər Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə
birlikdə vuruşaraq əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından
keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham
Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və "Laçının
azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimiz
yaşasaydı, 19 yaşı tamam olacaqdı. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, şöbənin
böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin doğum günündə ailə üzvləri və
yaxınları ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid
Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ata ocağında şəhid Anar Vəliyevin ailəsinə səbir
diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış
olaraq Anar kimi cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib,
Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim
əziz tutulacağını bildiriblər. Gulaya Həsənova Anar kimi cəsur, döyüşkən
oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə
də gələcək nəsillər üçün örnək olacağını, şəhidimizin ailəsinə göstərilən
diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Şəhidimizin anası Fazilə Məmmədova öz ailəsinin,
el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini bildirib: "Anar
hələ hərbi xidmətə getməzdən əvvəl söyləmişdi şəhid olacağını. Tək mənə deyil,
qohumlarına, dostlarına da söyləmişdi. Anarın şəhid olacağını mən də yuxuda
görmüşdüm. Axı, ana ürəyi həssas olur... Axırıncı dəfə övladımla şəhid
olmamışdan 3 gün əvvəl, oktyabrın 8-də danışmışdıq. Məndən tək istəyi onu
tanıyanlara salam söyləmək oldu. Oğlum ömrünün gözəl çağında uca məqama
yüksəldi. Övlad acısı nə qədər acı olsa da, bir o qədər də qürurludur. Bu gün Anarımla
tək mən deyil, bütün el-oba fəxr edir”. F.Məmmədova şəhid ailəsi kimi hər zaman onlara
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vəli
VƏLİYEV, "Respublika”
qəzetinin bölgə müxbiri 29 iyul
2021-ci il
Facebook-da paylaş