Qazaxda Vətən müharibəsi şəhidləri leytenant Məhəmməd Məmmədov və əsgər Əvəz Məmmədovun ildönümləri qeyd olunub
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində şanlı Azərbaycan Ordusu 2020-ci ilin 27 senytabrında haqq səsimizi bütün dünyaya çatdıracaq Vətən müharibəsinə başladı. Ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü, əzmi sayəsində Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə ilə "Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Azərbaycan Ordusu 44 gündə hərb tariximizə bütün tarix boyu danışılacaq Zəfər səhifələrini yazdı. Tariximizin böyük rəhbəri, qüdrətli sərkərdəsi, mahir dövlət başçısı İlham Əliyev bu haqq savaşında xilaskarlıq missiyasını uğurla həyata keçirərək, ərazi bütövlüyümüzü düşməni əzə-əzə, qova-qova bərpa etdi. Xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdı.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütöv Azərbaycanın adını ucaltdılar. Belə igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, şirin canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.
"Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğulları - leytenant Məmmədov Məhəmməd Zakir oğlu və əsgər Məmmədov Əvəz Elnur oğlunun ildönümləri qeyd olunub.
İldönümü mərasimlərində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov, köməkçisi Akif Əmirov, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, şəhidlərimizin vaxtilə təhsil aldıqları məktəblərin direktorları, müəllimləri, şəhidlərimizin sinif rəhbərləri, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Şəhid Məhəmməd Məmmədovun Alpout kənd qəbiristanlığında, Əvəz Məmmədovun Çaylı kəndindəki Şəhidlər xiyabanında yerləşən məzarları ziyarət olunub, tər qərənfillər düzülərək ruhlarına dua oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin məzarları başında çıxış edərək hər iki şəhidimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə leytenant Məhəmmədin və əsgər Əvəzin də payı olduğunu bildirib. Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri şücaətdən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.
"Şəhidlərimiz yaşadıqları qısa ömürlərinə yüz ilin qəhrəmanlığını sığdırdılar. Vətəni canları bahasına qorudular, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etdilər. Döyüş meydanında əsl qəhrəmanlıq göstərərək şanlı tarix yazdılar və gələcək nəsillərə örnək oldular. Bu cür oğullarla qürur duymaq, adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur”, - deyən icra başçısı belə igid Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib.
Rayon rəhbəri Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Qazaxın igid oğullarının sırasında dayanan Məhəmmədin, Əvəzin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın, işğaldan azad etdikləri torpaqların övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.
"Ölkə Prezidentinin də söylədiyi kimi, şəhid ailələrinin qayğıya, diqqətə ehtiyacı vardır. Əgər bu gün Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə qayğı göstərirsə, onlara dayaq olursa, şəhid ailələrinin qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.
İcra başçısı Qazaxda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülən məqsədyönlü işlərdən söz açaraq həmin işləri igid Vətən oğullarına olan hörmət və ehtiram kimi qiymətləndirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin yaradıldığını qeyd edib. Bu gün həmin Abidə Kompleksinin Şəhidlər xiyabanından sonra hər kəsin ziyarət etdiyi müqəddəs ünvana çevrildiyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Millət vəkili qeyd edib ki, bu gün bizim üçün kədərli olsa da, lakin şərəf və qürur günüdür. Bu gün ziyarət etdiyimiz bu qəbirlər tək şəhid məzarı deyil, həm də bir ziyarətgahdır. Hər kəsin üz tutduğu müqəddəs bir ziyarətgah. Məhəmməd, Əvəz kimi oğullarımız şəhid olsalar da, onlar daim bizim qəlbimizdə əbədi yaşayırlar. İllər keçsə, nəsillər dəyişsə də şəhidlərimiz heç vaxt unudulmayacaq, neçə ki, Azərbaycan xalqı və dövləti var onlar hər zaman xatırlanacaqlar. Çünki şəhidlərimiz nə qədər yad olunursa, vətənimiz də o qədər yaşayacaq, var olacaq. Qazaxda Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri, igid Vətən oğulları haqqında yazılan kitabı, yaradılan guşəni, Abidə Kompleksini yüksək qiymətləndirən millət vəkili bütün bu işlərin arxasında ölkə başçısının, Birinci vitse-prezidentin şəhidlərimizə verdikləri dəyərin, onların ailələrinə göstərdikləri qayğının dayandığını qeyd edib. Həyata keçirilən bu işlərə görə rayon rəhbərliyinə razılığını ifadə edib, minnətdarlığını bildirib.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğullarının ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.
Şəhid ataları Zakir Məmmədov, Elnur Məmmədov şəhidailəsi kimi hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.
Ölümündən sonra "Vətən uğrunda”, "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kənd sakini, şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun ildönümü
Ölümündən sonra "Vətən uğrunda”, "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Bala Çaylı kənd sakini, şəhid əsgər Məmmədov Əvəz Elnur oğlunun ildönümü
Leytenant Məmmədov Məhəmməd Zakir oğlu
Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Dövlətimiz, ölkə rəhbəri tərəfindən şəhidlərimizin xatirəsinin əziz tutulması, göstərdikləri qəhrəmanlıqlara görə orden və medallarla təltif olunmaları onlara olan yüksək diqqət və qayğının bariz nümunəsidir. Şəhid leytenantımız Məhəmməd Məmmədov da cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Əsgər Məmmədov Əvəz Elnur oğlu
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgərƏvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş