Şəhidin doğum günü elliklə qeyd edildi
Respublika mətbuatı Qazax haqqında Qarabağı işğaldan azad edərək
xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid
Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur. Prezident İlham Əliyevin
sərəncamlarına əsasən, "Vətən uğrunda” və "Laçının
azad olunmasına görə” medalları ilə təltif edilmiş qəhrəmanımız
yaşasaydı, 27 yaşı tamam olacaqdı. Şəhidlərimizə, Qarabağ müharibəsi
əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət
başçısının tapşırığına əsasən, rayon rəhbərləri şəhidlərimizin doğum və anım
günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət
edirlər. Qazax rayon rəhbərliyi şəhid
leytenant Məhəmməd Məmmədovun doğum günündə ictimaiyyət nümayəndələri ilə
birlikdə onun məzarını ziyarət etmişlər. Ruhuna dua oxunduqdan sonra
ziyarətçilər şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər. Şəhidin atası Zakir Məmmədov,
qardaşı Nurlan Məmmədov, sinif və tələbə yoldaşı olmuş Sahil Məmmədov ürək
sözlərini belə ifadə etmişlər: "Məhəmməd və onun kimi şəhidlərimiz həmişə
yaddaşımızda qalacaq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar”. Qeyd edək ki, şəhid Məhəmməd
Məmmədov 27 yanvar 1994-cü ildə Alpout kəndində anadan olmuş, 2012-ci ildə kənd
tam orta məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Qazax
filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə
universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə
çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr
ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında
zabit kimi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd
Məmmədov 2020-ci il oktyabrın 4-də Tərtər rayonu istiqamətində gedən
döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
O, doğulduğu Alpout kənd qəbiristanlığında dəfn edilmişdir. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 2 fevral 2021-ci il
Facebook-da paylaş