Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Şəhidin doğum günü elliklə qeyd edildi

Şəhidin doğum günü elliklə qeyd edildi


2-02-2021, 09:39

Respublika mətbuatı Qazax haqqında


Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda” "Laçının azad olunmasına görə” medalları ilə təltif edilmiş qəhrəmanımız yaşasaydı, 27 yaşı tamam olacaqdı.

Şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı dövlətin daim diqqətindədir. Dövlət başçısının tapşırığına əsasən, rayon rəhbərləri şəhidlərimizin doğum və anım günlərində onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edirlər.

Qazax rayon rəhbərliyi şəhid leytenant Məhəmməd Məmmədovun doğum günündə ictimaiyyət nümayəndələri ilə birlikdə onun məzarını ziyarət etmişlər. Ruhuna dua oxunduqdan sonra ziyarətçilər şəhidimizin xatirəsinə ehtiramlarını bildirmişlər.

Şəhidin atası Zakir Məmmədov, qardaşı Nurlan Məmmədov, sinif və tələbə yoldaşı olmuş Sahil Məmmədov ürək sözlərini belə ifadə etmişlər: "Məhəmməd və onun kimi şəhidlərimiz həmişə yaddaşımızda qalacaq. Biz yaşadıqca onlar da qəlbimizdə yaşayacaqlar”.

Qeyd edək ki, şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Alpout kəndində anadan olmuş, 2012-ci ildə kənd tam orta məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. "N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 2020-ci il oktyabrın 4-də Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Alpout kənd qəbiristanlığında dəfn edilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

2 fevral 2021-ci il



Geri qayıt