İcra başçısı Vətən müharibəsi şəhidinin doğum günündə ailəsini və məzarını ziyarət etdi
Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə
kimi yazıldı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində
Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27
sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ
müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər
və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin
və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdilər. Azərbaycanın hərb tarixinə
qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən
övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşdü. Qarabağı,
işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən,
bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant
Məmmədov Məhəmməd Zakir oğludur. Bu gün igid Vətən oğlunun doğum
günüdür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən
uğrunda” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəmanımız yaşasaydı bu gün 27 yaşı tamam olacaqdı. Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, şəhid ailələrinə,
Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı göstərən rayon rəhbərliyi
bu təbəqədən olan insanları daim diqqətdə saxlayır. Dövlətimizin, ölkə
başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğını əldə rəhbər tutan Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin
doğum və anım günlərində də onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini
ziyarət edir, şəhidlərimizə olan hörmət və ehtiramını bildirir. Öz ənənəsinə sadiq qalan rayon rəhbərliyi 44 günlük Vətən müharibəsində
Şəhidlik zirvəsinə ucalmış şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun doğum
gününü də unutmadı. Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Teybə Hüseynova, Milli
Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, qazi Samir Çobanov, şəhidimizin ata və anası, ailə üzvləri ilə birlikdə şəhidimizin doğum
günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb. İgid
Vətən oğlunun məzarını ziyarət edərək əziz xatirəsini dərin hörmətlə yad edib. Şəhidimizin
ruhuna dua oxunduqdan sonra rayon rəhbəri Məhəmməd Məmmədovun ata ocağına gələrək
şəhidimizin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, şəkillərindən
ibarət guşələrlə tanış olub. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan
rəhmət diləyib, əziz xatirəsi ehtiramla yad edib. 44 günlük
Vətən müharibəsindən söz açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa
hazır olduğunu və bunu döyüş meydanında da sübut etdiyini bildirib. Azərbaycan
Ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx
birləşərək onun "İrəli!” əmrini layiqincə yerinə yetirdiklərini qeyd edib. Məhəmməd
kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza
atdıqlarını vurğulayıb. Qazandığımız böyük Zəfərə görə canından keçərək Şəhidlik
zirvəsinə ucalan Məhəmməd kimi oğullarımıza, sağlamlıqlarını itirən
qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb. İcra
başçısı Məhəmmədin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütövlükdə
Azərbaycanın oğlu olduğunu dilə gətirib. İllər ötsə belə Məhəmməd kimi
oğullarımızın daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz
tutulacağını bildirib. "Özümə
borc bildim ki, Məhəmmədin doğum gününü sizinlə birlikdə qeyd edim”, - deyən
icra başçısı Məhəmmədlə hər birimizin fəxr etdiyini, onun əziz xatirəsinin
bundan sonra da daim yad olunacağını söyləyib. Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə
göstərilən diqqət və qayğıdan danışan icra başçısı qəhrəman şəhidimizin ölümündən
sonra medallarla təltif olunmasını şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə
verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Şəhdimizə verilən
medalların onun döyüş meydanında göstərdiyi igidliyə verilən qiymətin bariz
nümunəsi kimi dəyərləndirib. Rayon
rəhbəri şəhidimizin atası Zakir Məmmədova ölkə Prezidenti İlham Əliyevə
ünvanladığı minnətdarlıq məktubuna görə də razılığını bildirib. Şəhid atası
kimi dövlətimizin və ölkə başçısının onlara göstərilən qayğısını yüksək
qiymətləndirməsini razılıq hissi ilə qarşılayaraq buna görə şəhidimizin atasına
təşəkkür edib. Övladı
ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Zakir Məmmədov Vətən uğrunda
canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki: "Məhəmməd
hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir. Onun xatirəsini
əbədiləşdirmək üçün ayırdığımız otaq da bizim təsəlli yerimiz olmaqla yanaşı,
həm də Onun ruhunun cismən də olsa bizim aramızda olması deməkdir”. Z.Məmmədov
şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon
rəhbərliyinə minnətdarlığını bildirib. Məhəmmədin doğum günündə onun
xatirəsinin yad olunmasını şəhidimizə olan hörmət və ehtiramın əyani sübutu
kimi qiymətləndirib. Şəhidimizin qardaşı Nurlan Məmmədov qardaşı Məhəmməd haqqında ürək
sözlərini bildirərək qeyd edib ki: "Bu gün qardaşımın doğum günüdür. İstəyim
odur ki, yanımızda olardı. Qismət belə imiş. Mən qardaşımla fəxr edirəm. Həm şəhid
olduğu üçün, həm döyüşçü kimi, həm də Vətən oğlu kimi”. Şəhidimizin sinif və tələbə yoldaşı Sahil Məmmədov isə ürək sözlərini
belə çatdırıb: "Məhəmməd və onun kimi şəhid qardaşlarımız həmişə bizim
yaddaşımızda qalacaq. Biz yaşadıqca onlar da bizim qəlbimizdə yaşayacaqlar”.
Şəhid Məhəmməd
Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax
rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinfinə daxil
olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin ildə Bakı
Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul
olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayındaSəfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi
hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan
Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. "N”
saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov
04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin
hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il
tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Subay idi. Şəhid
leytenantımız Məhəmməd Məmmədov cənab Prezident İlham Əliyevin 15 dekabr
2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə” medallarıilə təltif olunmuşdur. GOYEZEN.AZ
Facebook-da paylaş