Qazaxda 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin açılışı olub
Sentyabrın
27-də Anım Günü ilə bağlı Qazax rayonunda silsilə tədbirlər keçirilib. Şəhidlər
xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş və ağacəkmə
aksiyası təşkil olunub. Silsilə tədbirlər
çərçivəsində 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə
yaradılmış şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Abidə Kompleksinin
açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və
təşkilatların rəhbərləri, Azərbaycan Güləş
Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri
Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun
köməkçisi Akif Əmirov, şəhid ailələri,
qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər. Abidə Kompleksinin
rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da Vətən müharibəsi şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs
siqnalları verilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış
mərasimində çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirdə iştirak edənlərə
minnətdarlığını bildirib. İcra başçısı Rəcəb Babaşov
ziyalılarımız akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, "Qazax”
Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor
İlham Pirməmmədovun səmimi ürək sözlərini və başsağlıqlarını çatdırıb.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün
şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, sağlamlıqlarını itirən
qazilərimizə tez zamanda şəfa tapmalarını arzu edib.
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə,
Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan
danışan rayon rəhbəri həmin qayğının hər birimiz üçün örnək olduğunu bildirib.
Qazaxda şəhidlərimizlə bağlı həyata keçirilən bütün tədbirlərin kökündə ölkə
başçısının və Birinci vitse-prezidentin şəhidlərimizə, qazilərimizə
göstərdikləri qayğının dayandığını qeyd edib. İcra başçısı rayonda bütün
şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin də adlarının əbədiləşdirilməsi
istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Qazax Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru,
şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları
ilə dastan yazanlar" kitabını, Qazax
Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət
guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib.
Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin
şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu qeyd edib. "Bu gün açılışına toplaşdığımız bu Abidə Kompleksi hər
bir qazaxlı üçün müqəddəs bir məkandır. Hər kəs üçün bu məkan dəyərlidir. Ona
görə dəyərlidir ki, qanı, canı bahasına torpaqlarımızı düşməndən azad edən
qəhrəman oğullarımızın adlarını əbədiləşdirir. Bu gün bu məkan hər birimizin
qürurla, fəxrlə üz tutduğu bir ünvandır”, - deyən icra başçısı yaradılan Abidə
Kompleksini şəhidlərimizə olan ehtiramın daha bir bariz nümunəsi kimi
qiymətləndirib. "Hər bir dövlət məmurunun, eləcə də Azərbaycan
vətəndaşının borcudur ki, şəhidlərimizin ailələrinə sahib çıxsın, qazilərimizə
diqqət ayırsın”, - deyən rayon rəhbəri Qazaxda bu amilin hər zaman əsas
götürüldüyünü qeyd edib. Şəhidlərimizin ailələrinə, qazilərimizə göstərilən
diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bir daha diqqətə
çatdırıb. "Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət,
ailələrinə bir daha səbir diləyib. E.İsmayıl şəhidlərimiz haqqında kitab
yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə
etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə
gəlməsindən söz açan müəllif kitabın qısa müddətdə yazıldığını, təkcə şəhidlərimizin
tərcümeyi-hallarının deyil, eyni zamanda hər bir şəhidimiz haqqında bədii hekayə
yazıldığını bildirib. Müəllif qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika
Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb.
Vətən müharibəsində qazanılmış şanlı Zəfər haqqında kitabda geniş material dərc
olunmuş, bu qələbənin tarixi əhəmiyyəti, dövlətimizin və xalqımızın taleyində
oynadığı tarixi roldan ətraflı söz açılıb. "Qanları ilə dastan yazanlar”
kitabında torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin
olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş
yolları ayrı-ayrılıqda qələmə alınmış, döyüş meydanlarında göstərdikləri
igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin,
döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək
sözləri qələmə alınıb. Kitab Vətən müharibəsində Qazaxdan döyüşə gedib igidlik
göstərmiş 50 şəhidə həsr olunub, onların şəkilləri, tərcümeyi-halları, hərbi
xidmət və döyüş yolları öz geniş əksini tapıb. Qazaxlı şəhidlərin göstərdikləri
qəhrəmanlıqlardan geniş bəhs olunub, onların qəlbindəki Vətən sevgisi və bu
yolda qurban getməsi, şəhidlərimizin doğulduğu gündən Şəhidlik zirvəsinə yüksəldikləri
günə kimi keçdikləri ömür yolu böyüməkdə olan gənc nəslə nümunə göstərilib. Strazburqda rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidov da canlı telefon bağlantısı edərək şəhidlərimizin
əziz xatirəsini ehtiramla yad edib, şəhidlərimizin ailə üzvlərinə bir daha
başsağlığı verib. Döyüş meydanında qanları ilə tarix yazan qəhrəman
oğullarımızın hər birimizin fəxri, qüruru olduğunu, onların əziz xatirələrinin
daim əziz tutulacağını qeyd edib. Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun
atası, Birinci Şıxlı kənd tam orta məktəbin diektor müavini Səməd Nəsibov çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət
diləyib. "Bu gün bizim üçün danışmaq, şəhidlərimiz haqqında söz demək çətin
olsa da, lakin şərəflidir. Bu gün qəhrəman oğullarımızın Ali Baş Komandan İlham
Əliyevin "İrəli!” əmrinə əsasən onun ətrafında sıx birləşib döyüş meydanına
atıldıqları gündən 1 il ötür. Bir il əvvəl minlərlə gənc döyüş meydanında qəhrəmanlıq
dastanı yazaraq 30 illik yurd həsrətinə son qoydular. Şəhidlərimiz qanları
bahasına işğalda olan torpaqlarımızı, Qarabağı qaytardılar. Bir daha sübut
etdilər ki, torpaq su ilə qarışanda palçıq, yalnız qanla qarışanda Vətən olur.
Tək təsəllimiz odur ki, şəhdilərimizin qanı yerdə qalmadı, işğalda olan
torpaqlarımız azad olundu”, - deyən şəhid atası bütün şəhidlərimizlə fəxr
etdiyini söyləyib. Dövlətin, ölkə başçısının, rayon rəhbərliyinin şəhid ailələrinə
göstərdikləri qayğıdan danışan şəhid atası həmin qayğını hər zaman hiss etdiklərini
bildirib, buna görə şəhid ailələri adından minnətdarlığını çatdırıb. Açılışı
olan Abidə Kompleksini şəhidlərimizin adlarının əbədiləşdirilməsi, gələcək nəsillərə
ötürülməsi istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib, razılığını
bildirib.
Mayor, Vətən müharibəsi iştirakçısı, qazi, II qrup
Vətən müharibəsi əlili Xəyyam Əliyev çıxış edərək şəhidlərimizin adını əbədiləşdirən Abidə Kompleksinin
açılışında, onların adına təşkil olunmuş tədbirdə iştirak etməyin onun üçün
qürurverici olduğunu qeyd edib. "1 il öncə 27 sentyabrda cənab Prezident, Ali
Baş Komandan İlham Əliyevin "Dəmir yumruq” əməliyyatında iştirak etmək hər bir əsgər
üçün qürurverici idi. Xidmətə başladıqda biz hərbi and içmişdik. Vətənimiz üçün
canımızı fəda edəcəyimizə, ya qazi, ya da şəhid olacağımıza and içmişdik. Ya şəhid
olmalı, ya qazi olmalı, ya da Qələbə qazanmalı idik. Bu gün şəhidlərimiz olsa
da, minlərlə qəhrəman oğullarımız sağlamlığını itirsə də, biz qalib ölkənin vətəndaşı
ola bildik, qələbə qazandıq. Şəhidlərimiz bugünkü nəslin, gələcək nəsillərin
firavanlığı üçün canından keçdi”, - deyən X.Əliyev bütün şəhidlərimizin ruhu
qarşısında baş əydiyini söyləyib. Dövlətin şəhidlərimizə, qazilərimizə göstərdiyi
qayğıdan söz açan qazimiz özünün timsalında hər zaman şahidi olduğunu, daim dövlətin
qayğısını hiss etdiyini bildirib. Bakı
Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor
müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu
quruculuğu siyasətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini və xalqımızın 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi
olduğunu bildirib. Ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən
müharibəsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib. Tarixi Qələbəni
Azərbaycan xalqına bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə,
sağlamlığını itirən qazilərimizə ömür boyu borclu olduğumuzu diqqətə çatdırıb.
Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə
göstərdiyi qayğının Qazaxda da olduğu kimi icra olunmasını yüksək qiymətləndirib
və buna görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Təqaüdçü müəllim, Əmək veteranı, şair Cavanşir Rüstəm,
aşıq Camoy Qurbanov, Qaymaqlı kənd
Folklor evinin müdiri Kazım Kazımov çıxış edərək səmimi ürək sözlərini çatdırıb, şəhidlərimizə
həsr olunmuş şeirlərini səsləndirərək əziz xatirələrini ehtiramla yad ediblər.
Qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə,
qazilərimizə borclu olduğumuzu vurğulayıblar.
Birinci Qarabağ müharibəsi şəhidi
Fidat Məmmədovun bacısı Hicranə Məmmədova bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. Şəhidlərimizin
qisasının alındığını, ruhlarının rahatlıq tapdığını qeyd edib. Azərbaycan xalqı
var olduğu müddətcə şəhidlərimizin qəlblərdə əbədi yaşayacaqlarını söyləyib.
Açılışı olan Abidə Kompleksini Vətən müharibəsi şəhidlərinin timsalında bütün şəhidlərə
olan hörmət və ehtiramın əyani sübutu kimi dəyərləndirib. Şəmistan Şahvələdov adına
Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova çıxış edərək qəhrəman
oğullarımızın rəşadəti sayəsində şəhidlərimizin qanı ilə yoğrulan azad
torpaqlarda, Vətəndə yaşadığımızı diqqətə çatdırıb. Azərbaycan xalqının hər bir
üzvünü Qarabağlı edən bütün şəhidlərimizlə qürur duyduğunu, fəxr etdiyini qeyd
edib. Bu gün hər birimizin şəhidlərimizə, qazilərimizə borclu və minnətdar
olduğumuzu vurğulayıb. Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş AYB-nin Qazax zona
filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın "And” şerini kompozisiya şəklində təqdim
ediblər. Şəhid övladları igid Vətən oğullarına həsr olunmuş
şeirlərini səsləndirib, onlara olan ehtiramlarını bildiriblər. Qəhrəman ataları
ilə fəxr etdiklərini söyləyiblər.
Facebook-da paylaş