Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin açılışı olub
Qazaxda 27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksinin açılışı olub27-09-2021, 20:37 |
Sentyabrın 27-də Anım Günü ilə bağlı Qazax rayonunda silsilə tədbirlər keçirilib. Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş və ağacəkmə aksiyası təşkil olunub. Silsilə tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsinə yaradılmış şəhərin Nəriman Nərimanov küçəsində yerləşən Abidə Kompleksinin açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Şöhrət ordenli, Tərəqqi medallı "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Firdovsi Umudov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidə Kompleksinin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib. İcra başçısı Rəcəb Babaşov ziyalılarımız akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədovun səmimi ürək sözlərini və başsağlıqlarını çatdırıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, sağlamlıqlarını itirən qazilərimizə tez zamanda şəfa tapmalarını arzu edib.
Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri həmin qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Qazaxda şəhidlərimizlə bağlı həyata keçirilən bütün tədbirlərin kökündə ölkə başçısının və Birinci vitse-prezidentin şəhidlərimizə, qazilərimizə göstərdikləri qayğının dayandığını qeyd edib. İcra başçısı rayonda bütün şəhidlərimiz kimi, Vətən müharibəsi şəhidlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrin vurulduğunu, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu qeyd edib.
"Bu gün açılışına toplaşdığımız bu Abidə Kompleksi hər bir qazaxlı üçün müqəddəs bir məkandır. Hər kəs üçün bu məkan dəyərlidir. Ona görə dəyərlidir ki, qanı, canı bahasına torpaqlarımızı düşməndən azad edən qəhrəman oğullarımızın adlarını əbədiləşdirir. Bu gün bu məkan hər birimizin qürurla, fəxrlə üz tutduğu bir ünvandır”, - deyən icra başçısı yaradılan Abidə Kompleksini şəhidlərimizə olan ehtiramın daha bir bariz nümunəsi kimi qiymətləndirib.
"Hər bir dövlət məmurunun, eləcə də Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizin ailələrinə sahib çıxsın, qazilərimizə diqqət ayırsın”, - deyən rayon rəhbəri Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü qeyd edib. Şəhidlərimizin ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bir daha diqqətə çatdırıb.
"Qanları ilə dastan yazanlar" kitabının müəllifi, "Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə bir daha səbir diləyib. E.İsmayıl şəhidlərimiz haqqında kitab yazmağın onun üçün şərəfli iş olduğunu söyləyib. Çətin və şərəfli işi ona həvalə etdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Kitabın necə ərsəyə gəlməsindən söz açan müəllif kitabın qısa müddətdə yazıldığını, təkcə şəhidlərimizin tərcümeyi-hallarının deyil, eyni zamanda hər bir şəhidimiz haqqında bədii hekayə yazıldığını bildirib. Müəllif qeyd edib ki, kitabda Ulu Öndər Heydər Əliyevin, Respublika Prezidenti İlham Əliyevin şəhidlər haqqında dedikləri dəyərli fikirlər yer alıb. Vətən müharibəsində qazanılmış şanlı Zəfər haqqında kitabda geniş material dərc olunmuş, bu qələbənin tarixi əhəmiyyəti, dövlətimizin və xalqımızın taleyində oynadığı tarixi roldan ətraflı söz açılıb. "Qanları ilə dastan yazanlar” kitabında torpaqlarımızın azadlığı, respublikamızın ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş qazaxlı oğullarımızın keçdikləri ömür və döyüş yolları ayrı-ayrılıqda qələmə alınmış, döyüş meydanlarında göstərdikləri igidliklər geniş şəkildə işıqlandırılıb. Kitabda şəhidlərin ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri verilib, onların şəhidlər haqqında dedikləri ürək sözləri qələmə alınıb. Kitab Vətən müharibəsində Qazaxdan döyüşə gedib igidlik göstərmiş 50 şəhidə həsr olunub, onların şəkilləri, tərcümeyi-halları, hərbi xidmət və döyüş yolları öz geniş əksini tapıb. Qazaxlı şəhidlərin göstərdikləri qəhrəmanlıqlardan geniş bəhs olunub, onların qəlbindəki Vətən sevgisi və bu yolda qurban getməsi, şəhidlərimizin doğulduğu gündən Şəhidlik zirvəsinə yüksəldikləri günə kimi keçdikləri ömür yolu böyüməkdə olan gənc nəslə nümunə göstərilib. Strazburqda rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da canlı telefon bağlantısı edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, şəhidlərimizin ailə üzvlərinə bir daha başsağlığı verib. Döyüş meydanında qanları ilə tarix yazan qəhrəman oğullarımızın hər birimizin fəxri, qüruru olduğunu, onların əziz xatirələrinin daim əziz tutulacağını qeyd edib.
Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası, Birinci Şıxlı kənd tam orta məktəbin diektor müavini Səməd Nəsibov çıxış edərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Bu gün bizim üçün danışmaq, şəhidlərimiz haqqında söz demək çətin olsa da, lakin şərəflidir. Bu gün qəhrəman oğullarımızın Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrinə əsasən onun ətrafında sıx birləşib döyüş meydanına atıldıqları gündən 1 il ötür. Bir il əvvəl minlərlə gənc döyüş meydanında qəhrəmanlıq dastanı yazaraq 30 illik yurd həsrətinə son qoydular. Şəhidlərimiz qanları bahasına işğalda olan torpaqlarımızı, Qarabağı qaytardılar. Bir daha sübut etdilər ki, torpaq su ilə qarışanda palçıq, yalnız qanla qarışanda Vətən olur. Tək təsəllimiz odur ki, şəhdilərimizin qanı yerdə qalmadı, işğalda olan torpaqlarımız azad olundu”, - deyən şəhid atası bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib. Dövlətin, ölkə başçısının, rayon rəhbərliyinin şəhid ailələrinə göstərdikləri qayğıdan danışan şəhid atası həmin qayğını hər zaman hiss etdiklərini bildirib, buna görə şəhid ailələri adından minnətdarlığını çatdırıb. Açılışı olan Abidə Kompleksini şəhidlərimizin adlarının əbədiləşdirilməsi, gələcək nəsillərə ötürülməsi istiqamətində atılan nümunəvi addım kimi qiymətləndirib, razılığını bildirib.
Mayor, Vətən müharibəsi iştirakçısı, qazi, II qrup Vətən müharibəsi əlili Xəyyam Əliyev çıxış edərək şəhidlərimizin adını əbədiləşdirən Abidə Kompleksinin açılışında, onların adına təşkil olunmuş tədbirdə iştirak etməyin onun üçün qürurverici olduğunu qeyd edib. "1 il öncə 27 sentyabrda cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq” əməliyyatında iştirak etmək hər bir əsgər üçün qürurverici idi. Xidmətə başladıqda biz hərbi and içmişdik. Vətənimiz üçün canımızı fəda edəcəyimizə, ya qazi, ya da şəhid olacağımıza and içmişdik. Ya şəhid olmalı, ya qazi olmalı, ya da Qələbə qazanmalı idik. Bu gün şəhidlərimiz olsa da, minlərlə qəhrəman oğullarımız sağlamlığını itirsə də, biz qalib ölkənin vətəndaşı ola bildik, qələbə qazandıq. Şəhidlərimiz bugünkü nəslin, gələcək nəsillərin firavanlığı üçün canından keçdi”, - deyən X.Əliyev bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Dövlətin şəhidlərimizə, qazilərimizə göstərdiyi qayğıdan söz açan qazimiz özünün timsalında hər zaman şahidi olduğunu, daim dövlətin qayğısını hiss etdiyini bildirib.
Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və xalqımızın 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduğunu bildirib. Ötən ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edib. Tarixi Qələbəni Azərbaycan xalqına bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə ömür boyu borclu olduğumuzu diqqətə çatdırıb. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda da olduğu kimi icra olunmasını yüksək qiymətləndirib və buna görə ziyalılar adından rayon rəhbərliyinə minnətdarlığını bildirib. Təqaüdçü müəllim, Əmək veteranı, şair Cavanşir Rüstəm, aşıq Camoy Qurbanov, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımov çıxış edərək səmimi ürək sözlərini çatdırıb, şəhidlərimizə həsr olunmuş şeirlərini səsləndirərək əziz xatirələrini ehtiramla yad ediblər. Qazandığımız tarixi Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıblar.
Birinci Qarabağ müharibəsi şəhidi Fidat Məmmədovun bacısı Hicranə Məmmədova bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. Şəhidlərimizin qisasının alındığını, ruhlarının rahatlıq tapdığını qeyd edib. Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Açılışı olan Abidə Kompleksini Vətən müharibəsi şəhidlərinin timsalında bütün şəhidlərə olan hörmət və ehtiramın əyani sübutu kimi dəyərləndirib.
Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova çıxış edərək qəhrəman oğullarımızın rəşadəti sayəsində şəhidlərimizin qanı ilə yoğrulan azad torpaqlarda, Vətəndə yaşadığımızı diqqətə çatdırıb. Azərbaycan xalqının hər bir üzvünü Qarabağlı edən bütün şəhidlərimizlə qürur duyduğunu, fəxr etdiyini qeyd edib. Bu gün hər birimizin şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.
Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın "And” şerini kompozisiya şəklində təqdim ediblər. Şəhid övladları igid Vətən oğullarına həsr olunmuş şeirlərini səsləndirib, onlara olan ehtiramlarını bildiriblər. Qəhrəman ataları ilə fəxr etdiklərini söyləyiblər.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış Abidə Kompleksindən görüntülər
Geri qayıt |