• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək abidə kompleksində aparılan son tamamlanma işləri ilə tanış olub


Ötən yazılarımızda bildirdiyimiz kimi, Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün görülən nümunəvi işlərdən biri də inşa olunan abidə kompleksidir.

Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu abidə kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə olan hörmət və ehtiramın daha bir bariz nümunəsidir. 27 sentyabr Anım Günü ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulan bu abidə kompleksi canını Vətən, xalq, dövlət yolunda fəda edən oğullarımızın xatirəsini əbədiləşdirən müqəddəs bir məkan olacaq. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanından, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədən sonra inşa olunan bu abidə kompleksi şəhidlərimizin ruhuna olan böyük hörmət və ehtiramı özündə əks etdirəcək. Yaradılan abidə qəhrəman oğullarımızın gələcək nəsillərə tanıdılması istiqamətində atılan nümunəvi addım kimi rayon sakinləri tərəfindən də minnətdarlıqla qarşılanır.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abidə kompleksində aparılan son tamamlanma işləri ilə maraqlanıb.

Rayon rəhbərinə işlərin yekunlaşmaq üzrə olduğu bildirilib. Görülmüş işlərlə yerində tanış olan icra başçısı işlərin sürətləndirilməsini qeyd edib və aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.





 

GOYEZEN.AZ



Facebook-da paylaş