Qazaxda Azadlıq küçəsi 107 ünvanında yerləşən binanın sakinləri yaşadıqları binada və rayonda aparılan abadlıq işlərinə görə ölkə Prezidentinə minnətdarlıq edirlər
Rəna
Abdullayeva və başqalarından, Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan. Öncə Sizi, rəşadətli Azərbaycan Ordusunu və bütün
Azərbaycan xalqını doğma Azərbaycanımızın ərazi bütövlüyü uğurunda gedən 44
günlük döyüşlərdə qazanılmış möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən bütün
qazaxlılar adından, eləcə də yaşadığımız Qazax şəhəri Azadlıq küçəsi 107
ünvanında yerləşən binanın sakinləri adından təbrik edir, Sizə uzun ömür,
möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi naminə
apardığınız uğurlu və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər
arzulayırıq. Bu gün Sizin iqtisadi və sosial sahədə, eləcə də
siyasi arenadakı uğurlarınız göz qabağındadır. Ordu quruculuğundakı uğurlar,
işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası, abadlıq işləri, bütün
bölgələrimizin davamlı sosial-iqtisadi inkişafı, vətəndaşlarımızın sosial rifah
halının daha da yaxşılaşdırılması istiqamətində imzaladığınız qanun, fərman və
sərəncamlar, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz diqqət və qayğı və
digər məsələlərin həlli məhz Sizin yorulmaz fəaliyyətinizin bəhrəsidir. Cənab Prezident, Sizin düşünülmüş və uzaqgörən
siyasətinizin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dünya dövlətləri
arasında öz layiqli yerini tutur. Ölkəmizin hər bir guşəsində apardığınız fərəh
doğuran işlər Azərbaycanımızın bir parçası olan Qazax rayonunda da ardıcıllıqla
həyata keçirilməkdədir. Məhz Sizin Qazax rayonuna olan diqqət və qayğınızın
təzahürüdür ki, son illər rayonumuzun siması demək olar ki, tamamilə
dəyişilmiş, Qazax abad və gözəl bir rayona çevrilmişdir. Fəxrlə demək olar ki,
bu gün rayonun əhalisi təbii qazla tam təmin olunmuşdur. Bu gün Qazaxın bütün
yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən avtomobil yolları demək
olar ki, müasir tələblərə cavab verməklə yenidən qurulmuşdur. Rayon əhalisinin
elektrik enerjisi ilə təminatında heç bir məhdudiyyət yoxdur. Qazaxlılara olan
ən böyük töhfənizdən biri də su və kanalizasiya sisteminin yenidən qurulması,
əhalinin içməli suya olan tələbatının daha etibarlı şəkildə ödənilməsi barədə
Sərəncamınız əsasında görülən işlərdir. Bizim yaşadığımız 5 mərtəbəli binada da əsaslı təmir
işləri tam başa çatmışdır. Binanın dam örtüyü tamamilə dəyişdirilmiş, fasada
üzlük çəkilmiş və digər işlər sayəsində bina nümunəvi hala gətirilmişdir. Möhtərəm cənab Prezident, vətəndaşlarımızın sosial
rifah halının daha da yaxşılaşdırılmasına, habelə bizə göstərdiyiniz diqqət və
qayğıya görə Sizə binamızın bütün sakinləri adından dərin minnətdarlığımızı
bildirir, bütün işlərinizdə Sizə uğurlar arzulayırıq. Allah Sizi qorusun. Hörmətlə, Abdullayeva Rəna, Bənnayeva Samirə, Əmirxanova İsafət, Novruzov Etibar, Əliyeva Fəxrəndə və başqaları (20 nəfər). Azərbaycan
Respublikası, Qazax şəhəri. 9 sentyabr 2021-ci il
Facebook-da paylaş