Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Azadlıq küçəsi 107 ünvanında yerləşən binanın sakinləri yaşadıqları binada və rayonda aparılan abadlıq işlərinə görə ölkə Prezidentinə minnətdarlıq edirlər

Qazaxda Azadlıq küçəsi 107 ünvanında yerləşən binanın sakinləri yaşadıqları binada və rayonda aparılan abadlıq işlərinə görə ölkə Prezidentinə minnətdarlıq edirlər


9-09-2021, 16:28


Rəna Abdullayeva və başqalarından, 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Öncə Sizi, rəşadətli Azərbaycan Ordusunu və bütün Azərbaycan xalqını doğma Azərbaycanımızın ərazi bütövlüyü uğurunda gedən 44 günlük döyüşlərdə qazanılmış möhtəşəm Qələbə münasibətilə səmimi qəlbdən bütün qazaxlılar adından, eləcə də yaşadığımız Qazax şəhəri Azadlıq küçəsi 107 ünvanında yerləşən binanın sakinləri adından təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi naminə apardığınız uğurlu və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Bu gün Sizin iqtisadi və sosial sahədə, eləcə də siyasi arenadakı uğurlarınız göz qabağındadır. Ordu quruculuğundakı uğurlar, işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası, abadlıq işləri, bütün bölgələrimizin davamlı sosial-iqtisadi inkişafı, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində imzaladığınız qanun, fərman və sərəncamlar, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz diqqət və qayğı və digər məsələlərin həlli məhz Sizin yorulmaz fəaliyyətinizin bəhrəsidir.

Cənab Prezident, Sizin düşünülmüş və uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dünya dövlətləri arasında öz layiqli yerini tutur. Ölkəmizin hər bir guşəsində apardığınız fərəh doğuran işlər Azərbaycanımızın bir parçası olan Qazax rayonunda da ardıcıllıqla həyata keçirilməkdədir. Məhz Sizin Qazax rayonuna olan diqqət və qayğınızın təzahürüdür ki, son illər rayonumuzun siması demək olar ki, tamamilə dəyişilmiş, Qazax abad və gözəl bir rayona çevrilmişdir. Fəxrlə demək olar ki, bu gün rayonun əhalisi təbii qazla tam təmin olunmuşdur. Bu gün Qazaxın bütün yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən avtomobil yolları demək olar ki, müasir tələblərə cavab verməklə yenidən qurulmuşdur. Rayon əhalisinin elektrik enerjisi ilə təminatında heç bir məhdudiyyət yoxdur. Qazaxlılara olan ən böyük töhfənizdən biri də su və kanalizasiya sisteminin yenidən qurulması, əhalinin içməli suya olan tələbatının daha etibarlı şəkildə ödənilməsi barədə Sərəncamınız əsasında görülən işlərdir.

Bizim yaşadığımız 5 mərtəbəli binada da əsaslı təmir işləri tam başa çatmışdır. Binanın dam örtüyü tamamilə dəyişdirilmiş, fasada üzlük çəkilmiş və digər işlər sayəsində bina nümunəvi hala gətirilmişdir.

Möhtərəm cənab Prezident, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına, habelə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə binamızın bütün sakinləri adından dərin minnətdarlığımızı bildirir, bütün işlərinizdə Sizə uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Abdullayeva Rəna,

Bənnayeva Samirə,

Əmirxanova İsafət,

Novruzov Etibar,

Əliyeva Fəxrəndə və başqaları (20 nəfər).

Azərbaycan Respublikası, Qazax şəhəri.

9 sentyabr 2021-ci il


Geri qayıt