Fərəhli kənd sakinləri kənd yolunun asfaltlanmasına görə ölkə Prezidentinə minnətdarlıq məktubu ünvanlayıblar
Hörmətli cənab Prezident.
Sizin ölkəmizə rəhbərlik etdiyiniz vaxtdan müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz çoxsaylı layihələr, gördüyünüz məqsədyönlü işlər bu gün hər bir ölkə vətəndaşının ürəyincədir. Ölkə Prezidenti olaraq Siz və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə bütün sahələrin uğurla inkişaf etməsində var qüvvənizlə çalışırsınız. Bu, ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyinizin bariz nümunəsidir.
Cənab Prezident, son illər Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrlə yanaşı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, bununla bağlı çoxsaylı Sərəncamlar imzalamağınız Qazax sakinləri tərəfindən də razılıq hissi ilə qarşılanır. Sizin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığınız çoxsaylı Sərəncamlara əsasən görülmüş işlər respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da uğurla yerinə yetirilir. Sizin diqqət və qayğınız sayəsində son illər Qazaxda rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yollar çəkilib.
Hörmətli cənab Prezident, mənfur düşmənlə iki tərəfdən 30 kilometr sərhəddə yerləşən, 928 nəfər əhalisi, 235 təsərrüfatı olan, Dağlıq Qarabağ müharibəsi başlayan ilk gündən doğma torpaqlarının müdafiəsində mətin dayanmış, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 5 şəhid vermiş Fərəhli kəndinin yolu da uzun müddət istifadə olunduğundan yararsız vəziyyətə düşmüşdü. Biz kənd sakinləri yay aylarında tozdan, qış aylarında isə palçıqdan əziyyət çəkirdik. Yol dəfələrlə qum-çınqıl tökülərək cari təmir olunsa da, Qazax rayonu ərazisində ən yüksək zirvə və strateji nöqtə olan "Odun dağı”nın yerləşdiyi kəndin yolunun əsaslı təmirinə böyük ehtiyac vardı.
Cənab Prezident, bu gün düşmənlə üz-üzə dayanan Fərəhli kəndində yaşayan sakinlərin sevincinin həddi-hududu yoxdur. Sentyabrın 10-da Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə imzaladığınız Sərəncam sərhəddə yaşayan sakinlərə olan qayğınızın daha bir bariz nümunəsi oldu. Biz sakinlər hər zaman dövlətin və Sizin qayğınızı, diqqətinizi hiss etmişik. Vətəndaşların sosial rifah halının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyünüz işləri sərhəddə yaşayan sakinlər olaraq hər zaman dəstəkləmişik. Gördüyünüz bütün işlərlə hər zaman sübut etmisiniz ki, doğrudan da Siz hər bir azərbaycanlının Prezidentisiniz.
Möhtərəm cənab Prezident, Fərəhli kəndinin əhalisi hər zaman ümidvar idi ki, kəndin yolu Sizin qayğınız, dəstəyiniz sayəsində yenidən bərpa olunacaq, yeni asfalt örtüyü çəkiləcək. Budur, artıq kəndimizin yolu yenidən asfaltlanır. Biz kənd sakinlərinin ümidini doğrultduğunuza, bizlərə hədsiz sevinc hissi bəxş etdiyinizə görə kənd əhalisi adından Sizə dərin minnətdarlığımızı bildirərək cansağlığı, bütün işlərinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan özü Sizi hifz etsin, müstəqil Azərbaycanımızın inkişafı naminə gördüyünüz bütün işlərdə hər zaman yardımçınız olsun.
Qazax rayonunun Fərəhli kəndinin sakinləri adından hörmətlə,
Kərim Daşdəmirov
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş