Məktəb direktoru ölkə Prezidentinə minnətdarlıq məktubu ünvanladı
Hörmətli cənab Prezident. Sizin ölkəmizə rəhbərlik etdiyiniz ilk illərdən
təhsilə, bu sahədə çalışan insanlara, müəllim əməyinə verdiyiniz yüksək qiymət
hər bir təhsil işçisi tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Ulu öndər
Heydər Əliyevin söylədiyi "Təhsil millətin gələcəyidir” fikrini bu gün Siz öz
əməli işlərinizlə təsdiq edirsiniz. Ölkəmizin hər yerində yeni-yeni məktəblərin
inşası, köhnələrinin əsaslı şəkildə yenidən qurulması istiqamətində
imzaladığınız çoxsaylı sərəncamlar Ümummilli Liderin ideyalarına sadiqliyinizin
və təhsilimizin inkişafı naminə gördüyünüz işlərin bariz nümunələridir. Cənab Prezident, bu il martın 3-də Qazax rayonuna
səfəriniz bütün qazaxlılar kimi, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-liseyin kollektivi üçün də əlamətdar oldu. Səfərinizdən sonra
məktəb-lisey üçün yeni binanın tikilməsi barədə Sərəncamınız isə təhsil
ocağının kollektivini ikiqat sevindirdi. Cənab Prezident, təhsil sahəsinə olan qayğınıza,
M.Hüseyn adına məktəb-lisey binasının yenidən qurulmasına görə rəhbərlik etdiyim
kollektiv adından Sizə dərin minnətdarlığımı bildirirəm. Hörmətlə, Comərdova Tahirə Valodya qızı, Qazax şəhəri Mehdi Hüseyn
adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru. Azərbaycan Respublikası, Qazax şəhəri.
Facebook-da paylaş