• Təqvim

  • Maraq



Qazaxda Vətən müharibəsi şəhidi gizir İlkin Şükürovun doğum günündə adını əbədiləşdirən bulağın açılışı olub

 

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Haqq səsimizi bütün dünyaya çatdıran Vətən müharibəsində, İkinci Qarabağ savaşında ordumuzun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları əsl qəhrəmanlıq göstərərək Azərbaycan Ordusunun gücünü, qüdrətini düşmənlə yanaşı, bütün dünyaya göstərdilər. Ali Baş Komandanın ətrafında yumruq tək birləşib Onun "İrəli!” əmrini layiqincə icra etdilər. Qazax rayonundan olan igid oğullarımız da İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmancasına mübarizə apardılar.

Böyük tarixi Qələbənin qazanılmasında igidlik göstərən və torpaqlarımızın azad olunması uğrunda şəhid olan oğullarımızdan biri də gizir Şükürov İlkin Aslan oğludur.

Bu gün yaşasaydı 26 yaşını qeyd edəcəkdi igid Vətən oğlu. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunmuş İlkin Şükürovun doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. 

Avqustun 27-də qəhrəman şəhidimizin doğum günündə böyüyüb boya-başa çatdığı Ürkməzli kəndində adını əbədiləşdirən bulağın açılışına toplaşaraq əziz xatirəsini ehtiramla anıblar.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Səbinə Yusif, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədri Xasay Balayev, sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhidimizin vaxtilə təhsil aldığı Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, sinif rəhbəri Nətavan Mürsəlova, Vətən müharibəsi qazilərindən mayor Xəyyam Əliyev, şəhid ailələri, şəhidimizin döyüş yoldaşlarından Elşən İsmayılov, Pərvin Həsənov, Fərahim Əmirli, ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. 

Əvvəlcə qəhrəman şəhidimizin kənd qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Qəhrəman şəhidimizin xalqımızın və qazaxlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.





Sonra şəhidimizin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, tər qərənfillər düzülüb.




Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində giriş sözü ilə çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. İlkin Şükürov kimi igid Vətən oğullarının hər birimiz üçün örnək olduğunu bildirib. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq, torpaqlarımızın ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizlə hər bir azərbaycanlının fəxr etdiyini qeyd edib. "Azərbaycanın bugünkü nəsli gələcək nəsilləri  İlkin Şükürov kimi şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər”, - deyən icra başçısı qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də İlkinin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.

44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən də danışıb. Şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını qeyd edib. 25 yaşında Şəhidlik zirvəsinə ucalan İlkinin döyüş meydanında göstərdiyi igidliyindən danışan icra başçısı onun qısa ömrü ilə yüz illərin dastanını yazdığını, illər ötsə belə həmin dastanın dillər əzbəri olacağını söyləyib. İcra başçısı igid Vətən oğlunun döyüş meydanında göstərdiyi şücaətin dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəsur döyüşçü” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan İlkinin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

 

"Bu gün ölkə başçısı, Birinci vitse-prezident şəhid ailələrinin, qazilərimizin qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimiz üçün nümunədir. İstər dövlət məmuru olsun, istərsə də vicdanı olan hər bir kəs şəhidlərimizi yad etməli, hər zaman şəhidlərimizin xatirəsini əziz tutmalı, onların ailələrini daim diqqətdə saxlamalıdır. Bu gün mən də özümə borc bildim ki, şəhidimizin xatirəsinə tikilən bu bulağın açılışında iştirak edim”, - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan da söz açıb. Qazilərimizin əvvəlki sağlamlıqlarına qovuşmaları üçün dövlətimiz tərəfindən lazım olan bütün tədbirlərin həyata keçirildiyini bildirib. Qazilərimizin yüksək səviyyədə müalicə olunmaları üçün xarici ölkələrə göndərildiyini qeyd edib.

İcra başçısı dövlətimizin və ölkə başçısının şəhid ailələrinə və qazilərimizə göstərdiyi həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib.

Qazaxda Vətən müharibəsi şəhidlərinin, eləcə də bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində 338 nəfər şəhidin şəkillərindən ibarət guşənin yaradılmasını bu sahədə atılan nümunəvi addımlardan biri kimi söyləyib. Hazırda şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin şəkli əks olunmuş lövhələrinin hazırlandığını, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində xatirələrini əbədiləşdirən abidə kompleksinin inşa olunduğunu, hörgü işlərinin başa çatdığını qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib.

Rayon rəhbəri açılışına toplaşdığımız bulağı şəhidimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. 

 

Şəhidimizin vaxtilə təhsil aldığı Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, sinif rəhbəri Nətavan Mürsəlova çıxış edərək məktəbdə tərbiyəsi, əxlaqı, səliqə-sahmanı, vətənpərvərliyi ilə seçilən İlkinin bu gün aramızda olmasa da onun əziz xatirəsinin daim bizim qəlbimizdə əbədi yaşayacağını, məktəb kollektivi olaraq igid şagirdləri ilə fəxr etdiklərini, ruhu qarşısında baş əydiklərini dilə gətiriblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib. Şəhidimizə həsr etdiyi şeiri ilə əziz xatirəsini ehtiramla yad edib.

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə razılığını ifadə edib.

Sonra məktəblilər, Vətən müharibəsi şəhidi çavuş Elməddin Pənahovun övladları İlkin və Ömər Pənahovlar, qazi mayor Xəyyam Əliyevin övladı Ümid Əlizadə şəhidimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Şəhid atası Aslan Şükürov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun daim yad olunmasını İlkinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu İlkin və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin İlkinin və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib. Şəhid atası sonda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb. 

Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.




Gizir Şükürov İlkin Aslan oğlu


Şəhid İlkin Şükürov 27 avqust 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 2001-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2016-cı ildə eksternant qaydada imtahan verərək həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında gizir rütbəsində xidmət etmişdir. 25 yaşlı gizirimiz 14.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 15.10.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.


 

Azərbaycan xalqını 30 ildən sonra həsrətində olduğu torpaqlara qovuşduran, işğaldan azad edilən şəhərə, qəsəbəyə, kəndə üçrəngli bayrağımızı sancan igid Vətən oğullarının döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Ölkə başçısı hər bir əsgər və zabitimizi orden və medallarla təltif etdi. Gizir İlkin Şükürov da təltif olunanlar arasındadır.  O, cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 






GOYEZEN.AZ



Facebook-da paylaş