• Təqvim

  • Maraq



Prezident İlham Əliyev: “Şəhidlərimizin ruhu qarşısında baş əyirik”


Azərbaycanın müstəqilliyini, Vətən torpaqlarının ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda canlarından keçmiş şəhidlərimizi yad etmək, sağlamlıqlarını torpaq uğrunda itirən qazilərimizə, igid Vətən övladlarına, onların ailələrinə sahib çıxmaq hər birimizin ən ümdə vəzifəsidir. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan öyrənməlidirlər. Ən əsası isə şəhidlərimizin, qazilərimizin ailələrinə qayğı göstərməklə hər birimiz onların yanında olduğumuzu hiss etdirməli, bu yolda əlimizdən gələni əsirgəməməliyik.
Hər kəsə yaxşı məlumdur ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətini, şəhidlərimizə göstərilən dövlət qayğısını bu güncənab Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının Prezident kimi fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə hər zaman diqqətinin şahidi olmuşuq. Dövlət başçısının mütəmadi olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşməsi, qayğıları ilə maraqlanması, bu sahədə imzalanan çoxsaylı fərman və sərəncamlar, görülən bütün işlər bir daha sübut edir ki, Azərbaycan dövləti daim onların yanındadır. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın unudulmaması, şəhid ailələrinin sosial vəziyyətinin və maddi rifahının yaxşılaşdırılması dövlətimizin və ölkə rəhbərinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edərkən şəhid ailələri ilə olan görüşündə söylənilən fikirlər bu dediklərimizi bir daha təsdiq edir.


Ölkə başçısının da vurğuladığı kimi, şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir. Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Son 17 il ərzində görülmüş işlərin nəticəsidir ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da qeyd edək ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.


Ölkə Prezidentinin açılışında iştirak etdiyi Ramana kompleksində doqquzmərtəbəli 30 bina tikilib ki, bu, şəhid ailələrinə olan növbəti dövlət qayğısıdır. Ümumilikdə, 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi yaşayış evləri ilə təmin ediləcəklər.
Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, görülən işlər böyük sürətlə və yüksək məsuliyyətlə icra olunur. Ramana qəsəbəsindəki şəhərcikdə olan binaların hamısı müasir səviyyədə, yüksək keyfiyyətlə tikilib. Uşaq bağçası, 1200 yerlik məktəb inşa edilib. Yəni, yaşayış üçün bütün imkanlar vardır. Müharibədən cəmi üç ay yarım keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə gözəl yaşayış kompleksi, şəhərcik inşa olunub, təqdim edilib.

Dövlət başçısının da qeyd etdiyi kimi, ehtiyacı olan bütün qazilər dövlət tərəfindən lazımi qayğı ilə əhatə olunacaqlar. Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcəkdir. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.

Yola saldığımız 2020-ci il xalqımızın yaddaşına Azərbaycanın haqq savaşının, Vətən müharibəsinin başladığı bir il kimi yazıldı. O Vətən müharibəsi ki, sentyabrın 27-dən başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki,Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirmiş olduq. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizlə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edirik. Ölkə Prezidenti cənab İlham Əliyev bizləri Vətən müharibəsində şanlı Qələbə ilə sevindirən şəhidlərimizi, qazilərimizi, onların ailələrini də diqqətdən kənarda qoymadı. Bütün şəhid ailələrinə olduğu kimi, Vətən müharibəsi şəhidlərinə də qayğısını əsirgəmədi. Ölkə başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 8 dekabr 2020-ci il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında” 8 dekabr 2020-ci il tarixli Fərmanı ölkəmizdə şəhidlərə, qazilərə olan qayğının, hörmət və ehtiramın daha bir bariz nümunəsi oldu. Respublika Prezidentinin Fərmanı ilə yaradılan həmin Fond bu gün şəhid ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxlayır. Bu, isə o deməkdir ki, dövlət hər zaman onların yanında olub və bundan sonra da olacaqdır.



Bu gün dövlət başçısının şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına olan diqqət və qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bütün sahələrdə hər zaman ön planda tutulur.
Hər kəsə yaxşı məlumdur ki, Ermənistanla 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri mənfur düşmənin işğalına məruz qalmışdır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.
Şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşılması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Ölkə başçısının şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Bu gün Qazaxda şəhidlərimizə verilən yüksək dəyəri özündə əks etdirən işlərdən biri də məhz onların adlarını daşıyan bulaqların tikilməsi, təmir olunmasıdır. Son illər rayonda Aprel şəhidləri kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, əsgər Orxan Əliyevin, şəhidlərin qız qardaşı adlandırdığımız Vəfa (Mansurova) Dəmirçioğlunun adlarına şəhərin mərkəzində yeni bulaqların tikilməsi, Milli Qəhrəmanlarımızdan Alı Mustafayevin, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Şamoy Çobanovun, Aqil Musayevin, yenə də şəhidlərimizdən Şahvələd Abbasovun, Qoşqar Qurbanovun, Qaratel Hacımahmudovanın, Səməd Hacıyevin adlarını daşıyan, "Şəhid Polislərin xatirəsinə”, "1 gün 31 şəhidin xatirəsinə” olan bulaqların yenidən qurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün birmənalı şəkildə deyə bilərik ki, Vətən, torpaq uğrunda canından keçən şəhidlərimizin göstərdiyi şücaət, qəhrəmanlıq hər zaman yüksək qiymətləndirilir. Şəhidlərimizin xatirəsinə olan bu bulaqların yenidən qurulması məhz şəhidlərimizə olan hörmət və ehtiramın bundan sonra da daim yüksəkdə tutulması deməkdir.


Ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə, imtiyazlı ailələrə, ehtiyacı olan insanlara göstərdiyi qayğı Qazaxda da öz real əksini tapır. Ölkə başçısının uğurlu sosial siyasətinin, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğısının daha bir əyani sübutu bu təbəqədən olan insanların fərdi yaşayış evləri və mənzillərlə təmin olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda bu günə kimi şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 57 fərdi yaşayış evi, 56 (2-si 16, 1-i 24 olmaqla) mənzilli 3 yaşayış binası tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, Qazax şəhər bələdiyyəsi tərəfindən rayonda 59 Qarabağ müharibəsi əlilinə, 35 şəhid ailəsinə və 14 ehtiyata buraxılmış hərbi qulluqçuya pulsuz həyətyanı torpaq sahəsinin verilməsi də dövlətin və dövlət başçısının bu təbəqədən olan insanlara göstərdiyi növbəti qayğısıdır.  
Dövlətimizin, ölkə başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğını özündə əks etdirən işlərdən biri də rayonda əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların məzarlarının və ailələrinin ziyarət edilməsi, eləcə də şəhidlərimizin övladlarının ad günlərinin qeyd olunmasıdır. Rayonda bu cür tədbirlərin təşkil olunması isə artıq bir ənənəyə çevrilib.
Qazaxda istər şəhid ailəsinə, istər məcburi köçkünə, istər Qarabağ müharibəsi əlilinə, veteranına, istər sərhəddə yaşayan sakinlərə, istərsə də hər bir qazaxlı vətəndaşa olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olub və bundan sonra da olacaqdır. Bu isə o deməkdir ki, ölkə başçısının yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili rayonumuzda da ön plandadır. Necə ki, son illər hər bir rayon sakini bunun əyani şahididir. Ən əsası da Qazaxda harada yaşamasından asılı olmayaraq hər bir qazaxlı yaxşı bilir ki, onların arxasında dayanan Azərbaycan dövləti və İlham Əliyev kimi ölkə başçısı vardır.

GOYEZEN.AZ



Facebook-da paylaş