• Təqvim

  • Unutma

  • Maraq



“Siz xalqa verdiyiniz vədləri zaman və tarix qarşısında ləyaqətlə, şərəflə yerinə yetirdiniz”


Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Möhtərəm cənab İlham Əliyevə

Zati-aliləri!

Möhtərəm cənab Prezident!

Respublikanın yüksək "İstiqlal” ordenilə təltif olunmağım barədə verdiyiniz sərəncamı və mənə ünvanladığınız tarixi məktubu Sizə minnətdarlıqla oxudum.

Böyük və gərgin dövlət işlərilə, eləcə də vacib beynəlxalq məsələlərin həllilə məşğul olduğunuz bir vaxtda heç kəs yaddan çıxmır, heç kim unudulmur.

Mənim ədəbi yaradıcılığıma, sadə şair əməyimə verdiyiniz qiymət üçün, Möhtərəm cənab Prezident, Sizə dərin təşəkkürümü bildirməklə özümü hələ dövlətimiz, xalqımız qarşısında, zaman qarşısında borclu hesab edirəm. Əlbəttə, bu qiymət təkcə mənə yox, bütün ədəbiyyatımıza, incəsənətimizə, sənət adamlarına verilən yüksək qiymətdir.

Müzəffər Ali Baş Komandan!

Bu gün biz yaradıcı ziyalılar da səfərbər xalqımız kimi, cəmi 44 gün davam edən Vətən müharibəsinin ölkəmizdə yaratdığı tarixi Qələbəmizin iqlimilə, saf ab-havasıyla nəfəs alırıq.

Xalqımızın istəklisi Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə, Sizin genişmiqyaslı dünyagörüşünüz, müdrik cəsarətiniz və dərin zəkanız sayəsində xalqımız otuz ilə yaxın bir ağrılı intizardan əbədi xilas olub. Erməni faşizmi həmişəlik məhv edilib. İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır. Babalarımızın qədim seyrangah məskəni olan gözəl gəlin örpəkli Şusanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmisiniz.

Biz yaradıcı ziyalılar hələ namərd düşmənin xaraba qoyduğu, vaxtilə dinc əhalinin yaşadığı şəhər və kəndlərimizin yerində qlobal layihələr əsasında yeni salınan şəhər və kəndlərimizin yerində şahidi, iştirakçısı olacağıq.

Bütün bunlar Sizin yaratdığınız yeni inkişaf mərhələsi, yeni dövr Azərbaycan intibahıdır.

Möhtərəm cənab Prezident!

Siz mərhum atanız unudulmaz Ulu Öndərin arzu və tapşırıqlarını, həmçinin xalqa verdiyiniz vədləri zaman və tarix qarşısında ləyaqətlə, şərəflə yerinə yetirdiniz.

Sizi Tanrı qorusun!

Bunların hamısı bizim ilham mənbəyimiz, taleyimizin töhfəsidir.

Sizə bir daha minnətdarlıqla:

 

Bu gün şeirim, sözüm,

hecam, qafiyəm - İlhamdır!

Qarabağ - Azərbaycandır!

"Qarabağnamə”m - İlhamdır!

 

Hörmətlə,

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi



Facebook-da paylaş