Vətəndaş məktubundan: “Cənab Prezident, əmin olun ki, uşaq, böyük, hər kəs, bütün Azərbaycan xalqı Sizin yanınızdadır, ətrafınızda sıx birləşib”
Sədaqət Əmirxanovadan,
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan.
Son günlər cəbhə xəttində baş verən hadisələr bütün dünyaya Ermənistanın necə riyakar, qəddar və ikili siyasət yürüdən bir dövlət olduğunu aydın şəkildə sübut etdi. Silahsız insanlara atılan güllə, dağıdılmış evlər, günahsız azyaşlı uşaqların həlak olması bir daha onu göstərdi ki, ermənilər mərhəmət hissinin nə olduğunu bilməyən qəddar məxluqdur. Düşməndən fərqli olaraq, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu gün də bütün dünyaya humanizm, mərhəmət nümayiş etdirir. Biz əliyalın insanları hədəfə almadan qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün uğurla addımlayırıq.
Cənab Prezident, Sizin rəhbərliyinizlə qüdrətli Azərbaycan Ordusunun atdığı addımların, verdiyiniz əmr və tapşırıqların uğurlu icrası sayəsində bu gün cəbhə bölgəsindən qələbə xəbərləri almaqda davam edirik. Bu, Sizin müdrik siyasətinizin, Vətənə, torpağa, xalqa bağlılığınızın, ən əsası da xalqa verdiyiniz sözü tutmağınızın əyani göstəricisidir.
Cənab Prezident, ulu öndər Heydər Əliyevin Sizin haqqınızda söylədiyi dəyərli sözləri bu gün yaxşı xatırlayırıq. Ümummilli Liderin söylədiyi: "Mənim çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyinizlə və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri hər zaman özünü doğrultdu. Bu gün Azərbaycan xalqı Sizin hər bir əməlinizdə bunun şahididir. Son günlər ölkəmizdə yaşanan vəziyyətlə bağlı atdığınız qətiyyətli addımlar da bunun bariz nümunəsi oldu.
Cənab Prezident, əmin olun ki, uşaq, böyük, hər kəs, bütün Azərbaycan xalqı Sizin yanınızdadır, ətrafınızda sıx birləşib. Verdiyiniz qərarları, atdığınız addımları birmənalı şəkildə dəstəkləyirik. Biz qazaxlılar da daim Sizin yanınızdayıq. Sərhəd bölgəsində yaşayan sakinlər olaraq öz yerimizdə mətin dayanmışıq. Heç bir qüvvə, Sizin də söylədiyiniz kimi, bizi haqq yolumuzdan döndərə bilməz. Biz bu savaşa, bu yola Sizə inanaraq, güvənərək çıxmışıq. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə şanlı Ordumuz Qələbə çalacaq və üçrəngli Azərbaycan Bayrağı işğaldan azad olunmuş torpaqlarımızda, eləcə də Qazaxın 7 kəndində sancılacaq. Qələbə müjdəli o gün isə uzaqda deyil, çox yaxındadır. O günü bizlərə bəxş etmək üçün uca Yaradan özü Sizin və Azərbaycan Ordusunun yardımçısı olsun.
Tanrı Sizi və Ordumuzu, əsgərlərimizi qorusun.
Hörmətlə,
Sədaqət Əmirxanova
Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin kimya-biologiya müəllimi, "Tərəqqi” medallı Əməkdar müəllim
Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.
Müslüm Məmmədovdan,
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin əmrinizlə əks-hücum əməliyyatına başlayan Ordumuza hərbi əməliyyatlarda yeni uğurlar və qələbə arzu edirəm.
Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində dövlətimizin qarşısına qoyduğu bütün məqsədlərə nail olacağına inanıram.
Yaşadığım Qazax rayonunda əhalinin əhval-ruhiyyəsi çox yüksəkdir, hamı ordumuzla həmrəy olduğunu, ona hər cür dəstək verməyə hazır olduğunu bildirir. Gənclər heç tərəddüd etmədən səfərbərlik məntəqəsinə gəlir və hərbi hissələrimizə yola salınırlar.
Mən birinci Qarabağ müharibəsi veteranıyam. Hazırda 59 yaşım var. Siz əmr versəniz, döyüş yoldaşlarımızla birlikdə Ordumuza qoşulmağa hazırıq.
Möhtərəm Ali Baş Komandan, uzun illər Sizin apardığınız ədalətli və humanist siyasətinizlə Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün çox səylər göstərdiniz. Lakin işğalçı tərəfin məlum mövqeyinə görə bu mümkün olmadı. İndi torpaqlarımızın tam azad olunması üçün biz bu müharibəni davam etdirməliyik.
Cənab Prezident, xalqımız Sizinlədir, Sizin ətrafınızda sıx birləşib. Sizinlə qürur duyuruq. Haqq və ədalət bizim tərəfimizdədir. Tanrı xalqımızı qorusun.
Hörmətlə,
Müslüm Məmmədov
Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş