• Təqvim

  • Maraq



İcra başçısı “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş yaralı gizir Sərvaz Mustafayevi ziyarət edib


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu yola saldığımız 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycanın əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi Qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. "Qarabağ Azərbaycandır!” söyləyən igid Vətən oğullarının şanlı Zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Və nəhayət hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş 27 sentyabrdan başladı və 10 noyabrda böyük Qələbə ilə başa çatdı.

Bu gün hər birimiz 30 illik həsrətdən sonra torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və Qələbədə payı olan oğullarımızdan biri də yaralı gizir Mustafayev Sərvaz Məqsəd oğludur.


O, 30 iyun 1985-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1991-ci ildə Qazax rayon M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2003-cü ilin iyul ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2005-ci ilin yanvar ayında hərbi xidmətdən tərxis olunmuşdur. 2015-ci ildə"N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən kimi xidmətə başlamışdır. 2020-ci il avqust ayının 5-dən sentyabr ayının 25-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçmişdir. 2020-ci ilin sentyabr ayının 26-da gizir rütbəsi almış və idarəetmə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 27 sentyabrda başlayan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Sərvaz Mustafayev 4 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə yanına minamiot mərmisi düşməsi nəticəsində sağ ayağından və çiyin nahiyəsindən yaralanmışdır. Hazırda ev şəraitində müalicə alır.  Ailəlidir, iki qız və bir oğlan övladı var.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına döyüşən Sərvaz Mustafayevin döyüşlərdə göstərdiyi igidlik ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Gizirimiz cənab Prezident İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Rəhbər kimi təyin olunduğu ilk vaxtdan şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi hər zaman özünə borc bilən rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq yaralılarımızı ziyarət edir, qayğıları ilə maraqlanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aparatın məsul işçiləri ilə birlikdə gizir Sərvaz Mustafayevi evində ziyarət edib. Yaralımızın səhhəti və qayğıları ilə maraqlanan icra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edib, yaralımıza tezliklə sağalmasını arzulayıb. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Vətən uğrunda gedən döyüşlərdə yaralanan Sərvaz Mustafayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib. O, yaralansa belə düşməndən qisasını aldığını söyləyir. Döyüş yoldaşları ilə birlikdə bir amal uğrunda – torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışmış, səhhəti yaxşılaşan kimi yenidən öz işinə və döyüş yoldaşlarının yanına qayıtmağı düşündüyünü qeyd etmişdir. Sərvaz Mustafayev ölkə Prezidentinə və icra başçısına bütün hərbiçilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.


Yaralının ailə üzvləri Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiklərini və qürur duyduqlarını qeyd ediblər. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbiçilərimizə isə Allahdan şəfa diləyiblər. Hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına minnətdarlığını bildiriblər. Sərvaz Mustafayevin göstərdiyi igidliyinin dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsini, medala layiq görülməsini razılıq hissi ilə qarşılayıblar.

RİH başçısı sonda bir daha yaralımızı döyüşlərdə göstərdiyi şücaətə və əldə etdiyi medallara görə təbrik edib, böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə və Sərvaz kimi oğullarımıza borclu olduğumuzu qeyd edib.



GOYEZEN.AZ



Facebook-da paylaş