• Təqvim

  • Maraq



İcra başçısı “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş yaralı gizir Oruc Qasımovu ziyarət edib


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu yola saldığımız 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycanın əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi Qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. "Qarabağ Azərbaycandır!” söyləyən igid Vətən oğullarının şanlı Zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Və nəhayət hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş 27 sentyabrdan başladı və 10 noyabrda böyük Qələbə ilə başa çatdı.

Bu gün hər birimiz 30 illik həsrətdən sonra torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və Qələbədə payı olan oğullarımızdan biri də yaralı gizir Qasımov Oruc Əlövsət oğludur.

 

O, 1 dekabr 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2002-ci ildə Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin I sinfinə daxil olub, 2013-cü ildə həmin məktəbin XI sinfini bitirib. 2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2015-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunub. 2016-cı ilin oktyabr ayının 5-dən dekabr ayının 12-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 3 aylıq kurs keçib. 2016-cı il dekabrın 16-dan Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 27 sentyabrda başlayan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Oruc Qasımov 5 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə yanına minamiot mərmisi düşməsi nəticəsində sağ ayağından yaralanıb. Hazırda ev şəraitində müalicəsini davam etdirən yaralımız ailəlidir, Raul adlı 1 oğul övladı var.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına döyüşən Oruc Qasımovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Gizirimiz cənab Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə” "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəhbər kimi təyin olunduğu ilk vaxtdan şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi hər zaman özünə borc bilən rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq yaralılarımızı ziyarət edir, qayğıları ilə maraqlanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimovla birlikdə gizir Oruc Qasımovu evində ziyarət edib. Yaralımızın səhhəti və qayğıları ilə maraqlanan icra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edib. Yaralımıza tezliklə sağalmasını arzulayıb. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Rayon rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Oruc kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyib. "27 ilin həsrətinə 44 gündə son qoydunuz”, - deyən rayon rəhbəri bu tarixi Qələbəyə, böyük Zəfərə görə Ali Baş Komandana və Oruc kimi oğullarımıza borclu olduğumuzu bir daha qeyd edib.


Vətən uğrunda gedən döyüşlərdə yaralanan Oruc Qasımov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib. O, yaralansa belə düşməndən qisasını aldığını söyləyir. Döyüş yoldaşları ilə birlikdə bir amal uğrunda – torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışır. Döyüş meydanında göstərdikləri şücaətdən danışan Oruc hərb tariximizə əsl qəhrəmanlıq dastanının, salnaməsinin yazıldığını bildirir. Səhhəti yaxşılaşan kimi yenidən öz işinə və döyüş yoldaşlarının yanına qayıtmağı düşünür.

Yaralımızın atası Əlövsət Qasımov təkcə övladı Orucla deyil, Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bu gün bir ata kimi övladının Vətən müharibəsində iştirak etməsini fəxrlə, qürurla səsləndirib. Bir ata kimi şəhidlərimizin ruhu qarşısında baş əydiyini vurğulayıb. Övladına eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına minnətdarlığını bildirib. Övladının göstərdiyi igidliyinin dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsini, medala layiq görülməsini razılıq hissi ilə qarşılayıb. Bugünkü ziyarəti hərbçilərimizə, qazilərimizə olan dövlət qayğısının növbəti bariz nümunəsi kimi qeyd edib.

GOYEZEN.AZ



Facebook-da paylaş