Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
Qanlı 20
Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı
qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət
ediblər. Dövlətimizin
başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı
uğrunda həlak olanların xatirəsini yad etdilər. Prezident
İlham Əliyev "Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi. X X X Otuz bir il
əvvəl yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın
təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından
hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən
xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi
Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Ölkəmizin ərazi
bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün
dünyaya bir daha nümayiş etdirdi. Sovet imperiyasının hərb maşınının həmin gün
Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə
törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük
itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar
imperiya rəhbərliyinin xəyanətkar siyasətinə dözməyən, öz azadlığına,
müstəqilliyinə qovuşmağa can atan Azərbaycan xalqının həm də mübarizliyini,
əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi. Qanlı 20
Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf
səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini
sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz
həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan
hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Təəssüf
ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı qırğının
bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması
və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi,
əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər. Qara 20
Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın
Moskvadakı nümayəndəliyinə gedərək qırmızı rejimin Azərbaycanda həyata
keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq,
təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər
Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə
çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ
rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də,
bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla
birgə oldu, həmrəy oldu. Ulu öndər
Heydər Əliyev öz bəyanatı ilə, əslində, Azərbaycanda gedən proseslərə qiymət
verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli
davranmadığını diqqətə çatdırdı. Hakimiyyəti həm də onda qınadı ki, Azərbaycana
siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin olunması xalqla
hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olub. Bu uçurumun
yaradılması da, ilk növbədə, mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və
bununla belə, gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar
faciəsinin baş verməsinə səbəb olmuşdu. Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar
Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə
siyasi-hüquqi qiymət verdi. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın
dövlət müstəqilliyinin bərpasında sonra bir müddət başları hakimiyyət uğrunda
mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır
cinayətin səbəblərinin araşdırılması və cinayətkarların müəyyənləşdirilməsi
istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız ümummilli lider Heydər
Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar
hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı. Beləliklə,
20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi
qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət
baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də
fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin
sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur
duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət
olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq
haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki,
Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq
baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın
tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin
səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm
də əbədi yazıldı. Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin
ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə
son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı,
dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı
dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə
başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Facebook-da paylaş