Prezident İlham Əliyev: “Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır”
Xəbər verdiyimiz kimi, yanvarın 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına
həsr olunmuş videoformatda müşavirə keçirilib. Dövlətimizin başçısının müşavirə zamanı söylədiyi
fikirlərin bir hissəsini təqdim edirik. 2020-ci ilin ən mühüm yekunu Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan
44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə
sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam
edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyev: "Şanlı Qələbəmiz bizim güclü iradəmizi,
xalqımızın güclü əzmini, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş
etdirdi”. Prezident İlham Əliyev: "Bu gün müstəqil Azərbaycan dövləti özünün ən
şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır”. Azərbaycan dövlətinin gücü ölkəmizdə yürüdülən siyasətdən, iqtisadi uğurlardan,
xalq-iqtidar birliyindən, hərbi qüdrətdən,
regionda oynadığı müsbət roldan qaynaqlanır. Prezident İlham Əliyev: "Biz bu gücdən istifadə edərək qarşımızda
duran əsas vəzifəni şərəflə yerinə yetirdik”. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu
yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da
kapitulyasiya aktına imza atdı. Prezident İlham Əliyev: "Bu Qələbə tarixdə əbədi qalacaq”. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə
əməli arasında heç bir fərq yoxdur. Deyilmişdi ki: Bütün təzyiqlərə, təhdidlərə, dünyada kifayət qədər güclü erməni
lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə
baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Prezident İlham Əliyev: "Bizim gücümüz, iradəmiz qarşısında
Ermənistana verilən dəstək sıfıra bərabər oldu”. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib,
diz çökdükdən, ağ bayraq qaldırdıqdan
sonra dayanıb. Prezident İlham Əliyev: "Biz tarixi ədaləti bərpa etdik. Biz bütün
dünyaya gücümüzü göstərdik”. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara,
beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya
ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi. Prezident İlham Əliyev: "Biz
özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət
edən xalqıq. Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin
nəticəsidir. Sülhməramlı qüvvələrin rolu Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə
verməsi anlaşılmazdır. Prezident İlham Əliyev: "Biz
bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan
heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”. Prezident İlham Əliyev: "Ermənistanın
xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından
çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir”. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz
xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa,
Ermənistan daha da peşman olacaq. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz. Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda
təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar
yaşayır, müəyyən işlər görülməlidir ki,
bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Prezident İlham Əliyev: "Dağlıq
Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Azərbaycanın rəhbərliyi altında onlar yaxşı
yaşayacaqlar”. Prezident İlham Əliyev: "Noyabrın
10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan
başqa, hər hansı bir digər sənəd imzalanmayıb”. Xocavənddə təxribat törətdiyi üçün ələ keçirilmiş erməni döyüşçülər
hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur,
diversantdır. Prezident İlham Əliyev: "Biz
bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu
qiymətləndirməlidir”. Yeni siyasi
mədəniyyət 2020-ci ilin fevral ayında keçirilmiş parlament seçkiləri demokratiya
istiqamətində atılmış növbəti ciddi addımdır. Parlamentin rəhbər orqanları
yeniləndi, rəhbərliyə yeni insanlar seçildi. İlk dəfə olaraq parlamentin sədr
müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət
nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük
əhəmiyyət daşıyır. Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin
gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi
bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür. Prezident İlham Əliyev: "Keçən il partiyaların böyük əksəriyyəti
bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu
dialoqda bütün siyasi qüvvələr iştirak edir. Siyasi dialoqda iştirak etməyən
dəstə xain, satqın ünsürlərdən ibarətdir”. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha
da güclənmişdir. Müharibə dövründə xain dəstə istisna olmaqla bütün digər siyasi
partiyalar və birliklər Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Təəssüf ki,
antimilli qüvvələr öz xain, satqın missiyalarını müharibə dövründə də icra
edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Antimilli
şuranın liderləri vaxtilə Paşinyanı demokrat, novator, təmiz adam kimi təqdim
edirdilər. Azərbaycan Xalq Cəbhəsi və bu
gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ
müharibəsi dövründə fərarilik etmişlər. İkinci Qarabağ müharibəsi vaxtı da
həmin qrupa rəhbərlik edənlərdən biri Amerikada oturub, antimilli mövqedən
çıxış edir, düşmənin dəyirmanına su tökür. "Milli Şura”nın ABŞ-dakı liderini
maliyyələşdirən və ona istiqamət verənlər antiazərbaycan ermənipərəst
dairələrdir. 1990-cı illərin əvvəllərində yürüdülmüş yanlış siyasət və bu
siyasətin fəsadları orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil
Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın
itirilməsinə imkan yaradanları tanımalıdır. AXC-Müsavat hakimiyyəti bəla, faciə
gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Prezident İlham Əliyev: "Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi
dialoq gedir”. Prezidentin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni
əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır. Prezident İlham Əliyev: "Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir
müsbət siyasi iqlim yaranmışdır”. Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi -
torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna nail
olduq. Prezidentin siyasi
dialoqun gələcəyi ilə bağlı baxışı: - Partiyalararası dialoqu möhkəmləndirmək; - Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş
qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki
reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqda
partiyaların iştirakı; - Bu məqsədlə partiyaların beynəlxalq partiyalararası qurumlara
üzvlüyündən istifadə etmək; - Partiyaların ictimai nəzarətdə iştirakı, çatışmazlıqlar haqqında
məsələ qaldırmaq. Prezident İlham Əliyev: "Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam
ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulubdur”. Kadr islahatları Cəmiyyətdə kadr islahatları müsbət qarşılanır. Kadr islahatları
aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident
Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa
başlanmışdır. Prezident İlham Əliyev: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə
sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya
tərəfindən ört-basdır edilirdi”. Prezident İlham Əliyev: "Heç kim qanundan üstün deyil. Heç kim üçün
heç bir xüsusi status, heç bir imtiyaz yoxdur”. 2020-ci ilin iqtisadi yekunları Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb,
iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz
valyuta ehtiyatlarını qoruya bilib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin
müavinəti 300 manatdan 500 manata qaldırılıb. TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə
olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir. Cənub Qaz Dəhlizinin təşəbbüskarı da Azərbaycan olub, əsas maliyyə
yükünü də Azərbaycan öz üzərinə götürüb. Prezident İlham Əliyev: "Bir çox ölkələri birləşdirən Cənub Qaz
Dəhlizi gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq
formatının təməlini qoyur. Prezident İlham Əliyev: "Biz
Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik”. Prezident İlham Əliyev: "Biz yaxın günlərdə enerji sahəsində yeni
gözəl hadisələrin şahidi olacağıq”. Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Bütövlükdə 9
mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib.
Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu
1500 ailə evlərlə təmin olunacaq. Azərbaycanda aparılan islahatlar, biznes
iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir. Azərbaycanı tənqid
edən xaricdəki və daxildəki dırnaqarası, qondarma iqtisadçılar bu nəticəni
öyrənməli, yanlış tənqidlərə son qoymalıdırlar. Dünya Bankının "Doing Business”
hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq
reytinqimizi artırıb. Yeni reytinqə görə Azərbaycan: - Dünya Bankının "Doing
Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir; - 10 ən islahatçı ölkə
sırasındadır; - Əhalinin elektrik
təchizatı səviyyəsi - dünya miqyasında ikinci yerdədir; - Hökumətin dəyişməyə
cavabdehliyi, islahatçı obrazı əmsalına görə beşinci yerdədir; - Hökumətin
uzunmüddətli strategiyasına görə 10-cu yerdədir; - Hökumətin siyasi
sabitliyi təmin etməsinə görə 11-ci yerdədir; - İnfrastruktur
layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer; - Hava yolları
xidmətlərinin səmərəliliyi – 12-ci yer; - Avtomobil yollarının
keyfiyyəti - 24-27-ci yer; - İnklüziv inkişaf
indeksi üzrə Azərbaycan üçüncü yerdədir. Azərbaycan işğala məruz qalmasına, 1 milyon qaçqının olmasına
baxmayaraq, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə
ediləcəyi şəksizdir. Azərbaycan koronavirusla mübarizədən şərəflə
çıxır Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu
sınaqdan şərəflə çıxır. Görülən işlər: - Operativ tədbirlər
nəticəsində yeni xəstəxanalar tikilib; - Laboratoriyalar yaradılıb; - Həkimlər səfərbər
olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı,
onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar; - Bir neçə milyard
manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən
qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi; - Bu ay ərzində
Azərbaycana peyvənd gətiriləcək, bütün kontraktlar imzalanıb; - İnsanlar kütləvi
qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq. Post müharibə dövrünə aid vəzifələr Ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək. Azərbaycan dövləti vətəndaşların itirilmiş əmlakının bərpası üçün vəsaitin
verilməsini təmin edir. Gəncə şəhərində Ermənistan tərəfindən ballistik
raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin
binalar isə xatirə komplekslərinə çevrilməlidir. Şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan
işğalının açıq səma altında muzeyi kimi qalmalıdır. Azad olunmuş bütün şəhərlərdə
memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal
muzeyləri də yaradılmalıdır. Həm Azərbaycan vətəndaşları bunu heç vaxt
unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə
qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas
etmişik. Prezidentin göstərişi ilə, minaların təmizlənməsi ilə məşğul olan
ANAMA yaxınlarda yenidən təşkil ediləcək, Ərazilərin Bərpası Agentliyi ilə
birləşdirilə bilər. Qurumun işçilərinin sayı artırılacaq, ən müasir texnika ilə
təchiz ediləcək. Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı
tabor yaradılacaq. Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid
konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır. İlk növbədə,
böyük yaşayış məntəqələri bərpası ediləcək. Bu tarixi yaşayış məntəqələrində
məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə
bilməlidirlər. Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla
aparılmalı, hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcəyi
dəqiq bilinməlidir. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd
təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm və dağ-mədən sahələri olacaqdır. Ermənilər
zəbt etdikləri yerlərdə məskunlaşsa da, heç bir infrastruktur yaratmayıblar,
çünki nə iqtisadi və insani resurs, nə
də istək olmayıb. Prezident İlham Əliyev: "Onlar heç vaxt bu torpaqları öz torpaqları
kimi qəbul etməyiblər. Əks-təqdirdə Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə
olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni
şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər”. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri
və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Bərpa işlərinə qədər
dəymiş ziyan hesablanmalıdır. Dağıdılmış və azad edilmiş bütün torpaqların peyk
və dronlar vasitəsilə çəkilişi, sənədləşdirilməsi, əgər belə demək mümkündürsə,
pasportlaşdırılması aparılmalıdır. Dağılmış məntəqələrin yerində şəhərlərin
yaradılmasına ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanacaq ki, məhkəmələrdə
qarşı tərəf bizi hansısa faktları
saxtalaşdırmaqda ittiham edə bilməsin. Tarixi abidələrin, ictimai binaların,
dövlət binalarının, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların
dağıdılması sənədləşdirilməli, qiymətləndirilməlidir. Təzminat davasının
başlanması üçün mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır. İtirilmiş
gəlir də hesablanmalıdır, bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə
bilərdik. Ekologiyaya vurulan ziyan hesablanmalıdır. İndi azad edilmiş
ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə
isə cəmi 174 min hektardır. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb
və bu, erməni cinayətinin növbəti nümunəsidir. Ermənilər tərəfindən dağıdılmış
meşələri bərpa etmək üçün xüsusi proqram tərtib olunmalıdır. Bəzi beynəlxalq
təşkilatlar və şirkətlər ermənilərə öz vandallıqlarını həyata keçirməkdə yardım
etmiş, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. Təbii sərvətləri
qanunsuz istismar edən xarici şirkətlər təzminat ödəməsələr, bu məsələ
məhkəməyə gedəcək. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki,
dayandırılacaq. Prezident İlham Əliyev: "Xərclərə nəzarət gücləndirilməlidir.
Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır. Bütün
yersiz xərclərə son qoyulmalıdır”. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına,
yaxınlarına evlər veriləcəkdir. Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt,
Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər
tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş
torpaqlarda tikiləcək. Keçmiş məcburi köçkünlərin 52 faizinin şəhərlərdə - Bakıda,
Gəncədə, Sumqayıtda yerləşdirilməsi heç bir məntiqə sığmır. Məcburi köçkünlər
üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. İkinci Qarabağ
müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin yaxınları bu evlərdə
yerləşdirilməlidir. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata
artırıldı. Digər artımlar da var. Azad edilmiş torpaqlarda kənd təsərrüfatının
inkişafı sistemli xarakter almalıdır və hökumət prioritetlər seçməlidir. Ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş
torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı
var. Azad edilmiş torpaqların potensialından ərzaq təhlükəsizliyi və ixrac
potensialının artırılması üçün istifadə olunacaq. Aqrar məhsulların ixrac
potensialı şaxələndirilməli, yeni bazarlar axtarılmalıdır. Azad olunmuş
torpaqlarda kənd təsərrüfatı, xüsusilə bağçılıq sahəsi çox ciddi inkişaf edə
bilər. Bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz. Üzümçülüyün
böyük potensialı var. Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji
potensialı var. Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir
nümunə olacaq. Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik
stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və
Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Prezident İlham Əliyev: "Biz dünyaya göstərəcəyik ki, nəinki bu
əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik”. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start
verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Xarici investorlar
azad olunmuş torpaqlara cəlb edilməlidir. Azad edilmiş torpaqlarda ilkin
infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa
şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı
- Kəlbəcər yoludur. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam
etdiriləcək. Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna
qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir. Beləliklə, həm şimaldan, həm
cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır. Ya
Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli
şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. İki
beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin
inkişafı üçün bizə kömək göstərəcək. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa
dəmir yolunun tikintisi də nəzərdə tutulur. Horadiz-Ağbənd (Zəngilan rayonunda
Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək. Naxçıvan
dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Bu yoldan həm Azərbaycan,
həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol
gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Ermənistan
dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz,
əlbəttə, Rusiyadır. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Sərhədlərin
qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Hazırda Dövlət
Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur.
Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər.
Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya
bilmərik. İranla bərpa olunmuş sərhəd dostluq sərhədidir, amma sərhəd
infrastrukturu mütləq yaradılmalıdır. Azad edilmiş ərazilərə biz bundan sonra
da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini,
Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik. Qarabağ
bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm
marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra
vaxt itirmədən turizm sektoru da inkişaf etsin. Prezident İlham Əliyev: "Müharibə
cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb”. Prezident İlham Əliyev: "Biz Qarabağ bölgəsində cənnət yaradacağıq”. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim
niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Prezident İlham Əliyev: "Vahid Azərbaycan dövləti bundan sonra
uğurla, inamla inkişaf edəcəkdir”. GOYEZEN.AZ
Facebook-da paylaş