Yaralı gizirimizin övladına söz verilən hədiyyə bu gün təqdim olunub
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu cəmi 44 gün
davam edən Vətən müharibəsində, haqq savaşında böyük tarixi Qələbə qazandı. "Qarabağ
Azərbaycandır!” söyləyərək başladığımız İkinci Qarabağ müharibəsi Azərbaycan
dövlətinin böyük Zəfəri ilə başa çatdı. 44 günlük Vətən müharibəsinin iştirakçısı yaralı gizir Qasımov Oruc Əlövsət oğlu da qazanılan
tarixi Qələbədə payı olan
oğullarımızdandır. Şuşa şəhərinin
azadlığı uğrunda gedən döyüşlərdə yanına minamiot mərmisi düşməsi nəticəsində
sağ ayağından yaralanan gizirimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz, ölkə
rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Gizirimiz cənab Prezident İlham
Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın
azad olunmasına görə” və "Kəlbəcərin azad
olunmasına görə” medalları ilə təltif olunub. Yanvarın
6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Qazax
Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar
İbrahimovla birlikdə gizir
Oruc Qasımovu evində ziyarət etməsi, yaralımızın səhhəti və qayğıları ilə
maraqlanması barədə məlumat vermişdik. Rayon rəhbərliyi gizirimizin övladını da
diqqətdən kənarda qoymayıb, yaralımızın övladı Raul balaya söz verdiyi
hədiyyəni göndərib. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar
Quluyeva və Teybə Hüseynova Ürkməzli kəndində olub, gizirimizin
övladına hədiyyəsini təqdim ediblər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
onun "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarını 44
günlük İkinci Qarabağ müharibəsində işğaldan azad edən Oruc Qasımov kimi
oğullarımızla hər birimizin fəxr etdiyini, onlara borclu olduğumuzu bir daha dilə gətiriblər. Vətən üçün
göstərdiyi igidliyi xalqımızın, eləcə də qazaxlıların heç vaxt unutmayacağını
qeyd ediblər. Yaralımıza tezliklə sağalmasını arzulayıblar. Gizir Oruc Qasımov ona göstərilən qayğıya görə ölkə
Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. İstər göstərdiyi
igidliyin dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsini, medallara
layiq görülməsini, istərsə də ona və ailəsinə olan diqqətə görə razılığını
ifadə edib. Məlumat üçün qeyd edək ki, gizir Oruc Qasımov 1 dekabr
1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2002-ci ildə Qazax
rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin I sinfinə daxil olub,
2013-cü ildə həmin məktəbin XI sinfini bitirib. 2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi
tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2015-ci
ilin iyul ayında hərbi xidmətdən tərxis olunub. 2016-cı ilin oktyabr
ayının 5-dən dekabr ayının 12-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
3 aylıq kurs keçib. 2016-cı il dekabrın 16-dan Azərbaycan Silahlı Qüvvələrinin "N”
saylı hərbi hissəsində gizir rütbəsində xidmətə
başlayıb. 27 sentyabrda başlayan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Oruc
Qasımov 5 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azadlığı uğrunda gedən
döyüşlərdə yanına minamiot mərmisi düşməsi nəticəsində sağ ayağından yaralanıb.
Hazırda müalicəsini ev şəraitində davam etdirir.
GOYEZEN.AZ
Facebook-da paylaş