Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra dörd medalla təltif olunan qazaxlı şəhid əsgər Elmar Omarov
Şəhidlərimizi tanıyaq və
tanıdaq--------------------------------------- Bu gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən
sonra işğaldan azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə
qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan
Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdarlıq edir, Qarabağ adlı
haqq savaşında bizlərə tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə qürur
duyur. 27 sentyabrda başlayıb 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Vətən
müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir. Vətən müharibəsinin qəhrəman oğullarından biri də torpaqlarımızın
azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan əsgər
Omarov Elmar Elvar oğludur.
Şəhid Elmar Omarov 23 mart
2001-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2008-ci ildə
Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin I sinfinə
daxil olmuş, 2019-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. "N” saylı hərbi hissənin 1-ci
tabor, 2-ci bölük, 1-ci tağımın tuşlayıcısı əsgər Elmar
Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur. İgid Vətən oğlu 12 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı
Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Subay idi. Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının
düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan əsgər Elmar
Omarovun döyüşlərdə göstərdiyi igidlik və şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən
də yüksək qiymətləndirildi. Şəhid əsgər Elmar Omarov ölümündən sonra cənab
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 25 dekabr 2020-ci il
tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad
olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın
azadlığı uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla
fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyir.
Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman
bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən
oğlu!.
GOYEZEN.AZ
Facebook-da paylaş