Əsas Səhifə > Manşet / Şəhidlər > Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra dörd medalla təltif olunan qazaxlı şəhid əsgər Elmar Omarov

Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra dörd medalla təltif olunan qazaxlı şəhid əsgər Elmar Omarov


5-01-2021, 17:25

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Bu gün hər bir Azərbaycan vətəndaşı bizi 30 illik Vətən həsrətindən sonra işğaldan azad olunmuş Qarabağımıza, eləcə də ona bitişik tarixi yurd yerlərimizə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdarlıq edir, Qarabağ adlı haqq savaşında bizlərə tarixi Zəfəri bəxş edən igid Vətən övladları ilə qürur duyur. 27 sentyabrda başlayıb 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir.

Vətən müharibəsinin qəhrəman oğullarından biri də torpaqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan əsgər Omarov Elmar Elvar oğludur.

 

Şəhid Elmar Omarov 23 mart 2001-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. "N” saylı hərbi hissənin 1-ci tabor, 2-ci bölük, 1-ci tağımın tuşlayıcısı əsgər Elmar Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan əsgər Elmar Omarovun döyüşlərdə göstərdiyi igidlik və şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Elmar Omarov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyir. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

 

GOYEZEN.AZ


Geri qayıt