İcra başçısı Hüseynbəyli kəndində vətəndaşların müraciətinə yerində baxıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin təməlində vətəndaş amili dayanır. Atılan hər bir addımın, həyata keçirilən layihələrin, görülən bütün işlərin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapması, ən əsası da vətəndaş məmnunluğunun əsas götürülməsi dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də məhz bu amala xidmət edir.
Ölkə rəhbərinin vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da daim hiss olunur. Vətəndaş amili rayon rəhbərliyinin iş fəaliyyətinin əsasını təşkil edir. Bunu sakinlərə olan səmimi münasibətindən, vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, vətəndaşların müraciətinə operativ şəkildə cavab verilməsindən, yaşadıqları ünvandan asılı olmayaraq yerində baxış keçirilməsindən, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsindən aydın şəkildə görmək olur. Vətəndaşlara olan diqqət və qayğı sayəsində bu gün hər bir qazaxlı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba dəqiq şəkildə baxılacağını bilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Hüseynbəyli kəndində olub, vətəndaşların müraciətləri ilə yerində maraqlanıb.
İcra başçısı əvvəlcə bir qrup Hüseynbəyli kənd sakini tərəfindən elektrik gərginliyinin aşağı olması barədə edilən müraciətin həlli istiqamətində verilən tapşırığın nəticəsi ilə yerində tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, gərginliyin artırılması üçün əlavə olaraq 800 metr 2 faza xətt çəkilib. Qısa müddətdə işlər başa çatdırılacaq və məsələ öz müsbət həllini tapacaq.
Daha sonra rayon rəhbəri Hüseynbəyli kənd sakini Mustafayeva Sudabə Hümbət qızının qonşusu Nəbiyev Nəbi Tapdıq oğlu ilə olan mübahisəli torpaq məsələsini yerində araşdırıb. Məsələ ilə bağlı hər iki tərəfi diqqətlə dinləyən rayon rəhbəri ortaq razılığa gəlmələrini tövsiyə edib. Qaldırdıqları məsələlərin müsbət həllini tapması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sakinlərlə görüşən icra başçısı vətəndaş amilinin bundan sonra da daim ön planda olacağını, qaldırılan hər bir məsələyə operativ şəkildə baxılacağını bildirib.
Vətəndaşlar onlara göstərilən diqqətə, qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onların müraciətinə belə həssaslıqla yanaşıldığına görə rayon rəhbərinə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş