Prezidentə yazırlar: “Sizin cəsarətiniz, məharətiniz və hünərinizlə ana Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük Qələbə var olsun!”
Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlər davam edir. İgid Vətən oğulları Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri bir sıra yaşayış məntəqələri ilə dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya nümayiş etdirirlər. Hər gün qazanılan qələbə münasibətilə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları gündən-günə daha da artır. Hər gün ölkə başçısına sevinc, fərəh, qürur dolu saysız-hesabsız məktublar yazılır. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər. İstər rayonda, istərsə də rayondan kənarda yaşayan qazaxlılar təbriklərini, istəklərini Ali Baş Komandana ünvanladıqları məktublarda çatdırırlar. Prezidentin saytına ünvanlanmış təbrik və minnətdarlıq dolu növbəti məktubları təqdim edirik.
Savad Civişovadan,
Salam hörmətli Prezidentimiz!
Sizi Zəngilan şəhərinin və kəndlərinin alınması münasibətilə bütün analar adından təbrik edirəm. Azərbaycan Ordusu neçə şəhərlərin, kəndlərimizin alınmasında, erməni işğalçılarının torpağımızdan təmizlənməsində öz Qələbəsi, öz əks-sədası ilə Azərbaycan tarixinə düşəcəkdir.
Mən iki hərbçi oğulun anasıyam. Böyük oğlum Aprel döyüşlərində iştirak edərək "Lələ təpə” medalına layiq görülüb. Ümüd edirəm ki, bu döyüşlərdə də hər iki oğlum Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan Bayrağını dalğalandıracaq, düşmən üzərində zəfər çalacaqdır. Dualarımız Sizinlədir Azərbaycan Ordusu! Ali Baş Komandanımız, Allah yar və yardımçınız olsun!
Məktubumu şeirlə tamamlayıram:
Ey tufanlar, fırtınalar qoynunda doğulmuş,
Millətlərin dostluğundan, birliyindən yoğrulmuş
Azərbaycan Ordusu!
Möhkəm dayan, zəfərlər çal, vermə aman
Düşmənləri lərzəyə sal, azad olsun bu Vətən
Qoy silinsin ürəklərdən, bu qəmimiz, kədərimiz,
Azərbaycan Ordusu!
Hörmətlə,
Civişova Savad Məmməd qızı.
Azərbaycan Respublikası, Qazax şəhəri.
Məmməd Məmmədovdan,
Otuz illik yurd həsrətini Vətən və millət sevgisinə, doğma yerlərə qayıtmaq istəyinə çevirdiyiniz və milləti bu amal uğrunda səfərbər etdiyiniz üçün Sizi – Azərbaycan Respublikasının Prezidentini, şanlı Silahlı Qüvvələrimizin Ali Baş Komandanını, Milli Ordumuza şərəf və şöhrət bəxş edən cəsur zabitlərimizi və qalib əsgərlərimizi sevinc göz yaşları içində bağrıma basıram!
Sizin cəsarətiniz, məharətiniz və hünərinizlə ana Vətənimizin son yüz illik tarixinə qızıl xətlə yazdığınız böyük Qələbə var olsun! Düşmən tapdağında xarabalığa çevrilən kəndlərimizə, qəsəbə və şəhərlərimizə mübarək əsgərlərin əlləri ilə sancılıb Vətən səmasında dalğalanan üçrəngli, ay-ulduzlu zəfər Bayrağımız yaxın günlərdə erməni işğalından azad olmuş cənnət Qarabağımızın, ulu yurdumuzun və görüşünü səbirsizliklə gözlədiyim Qazax rayonunun 7 kəndində, habelə, ata ocağım Əskiparada daha vüqarla ucalsın!
Vətən torpağını müqəddəs qanları ilə suvarıb, qan gölündə gül bitirən şəhidlərimizin yatdığı torpaq laləzara çevrilsin! Bu şəhid məzarlarımız tarixin ibrət dərsinə çevrilərək millətimizin əbədi and və inam yeri olsun!
Hörmətlə,
Məmmədov Məmməd Hüseyn oğlu (Məmməd Əfşan).
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.
Bəhlul Yusifovdan,
Əziz Ali Baş Komandanımız İlham Əliyev!
İlk öncə Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Biz qazaxlılar Sizin müdrik siyasətinizi dəstəkləyirik və daim Sizinlə birlikdəyik. Bütün alınan torpaqlara görə çox-çox minnətdarıq.
Cənab Prezident, əminik ki, Sizin Ordumuza dəstəyiniz sayəsində əsgərlərimiz Qarabağ torpaqlarını işğaldan tam azad edərək öz sahiblərinə qaytaracaqlar. Biz Sizə və Ordumuza güvənirik.
Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Yusifov Bəhlul Volodya oğlu.
Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.
Facebook-da paylaş