Qazax məktəblərində tədris ilinə ciddi hazırlıq işləri aparılır
Respublika mətbuatı Qazax haqqında Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi Qazaxda 2020-2021-ci tədris ilinin başlanması ilə
əlaqədar Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və
təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli
Qərarından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr müzakirə
olunmuşdur. Rayon icra hakimiyyətinin məsul işçiləri və təhsil
şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bir sıra vacib
məsələlərə toxunulmuşdur. Qeyd edilmişdir ki, yeni dərs ilinin başlanması ilə
əlaqədar təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər
qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinə buraxılış
rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkili, pandemiya ilə
əlaqədar şagirdlərin dərsə başlamalarının növbəli şəkildə tənzimlənməsi,
onların siniflərdə yerləşdirilməsi xüsusi diqqətdə olmalıdır. Məktəbə
daxil olan hər bir müəllimin və şagirdin hərarətinin ölçülməsi üçün
aparatların, dərs otaqlarında dezinfeksiyaedici məhlulların qoyulması,
şagirdlərin hərarətini ölçmək üçün müəyyən şəxslərin ayrılması, tibbi maskadan
istifadənin nəzarətə götürülməsi və ehtiyat maskaların təşkili, pandemiya
qaydalarına necə əməl edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə
maarifləndirici lövhələrin hazırlanıb vurulması vacibdir. Məktəblərin su və
istilik sisteminin nəzarətdə saxlanması və digər məsələlər müzakirə edilmişdir.
Bütün bu məsələlərin vaxtında həyata keçirilməsi üçün təhsil şöbəsinin
rəhbərliyinə və aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar
verilmişdir. Tədbirdə vurğulanmışdır ki,
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət
və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər bəhrəsini verir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni
məktəb” layihəsi Qazaxda da uğurla icra olunur. "Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11
məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bunun əyani
sübutudur. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd
tam orta məktəbi üçün 220 şagird yerlik yeni binanın inşa olunması, yenə də
fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik
Kosalar kənd tam orta məktəbinin əsaslı şəkildə yenidən qurulması, Təhsil
Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün
180 şagird yerlik yeni binanın tikilməsi, ölkə rəhbəri tərəfindən Mehdi Hüseyn
adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi ilə
bağlı imzalanmış sərəncam Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan
dövlət qayğısının bariz nümunəsidir. Tədbir iştirakçıları bütün bunlara görə
dövlət başçısına və Birinci vitse-prezidentə minnətdarlıq etmişlər. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 10 sentyabr 2020-ci il
Facebook-da paylaş