Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax məktəblərində tədris ilinə ciddi hazırlıq işləri aparılır

Qazax məktəblərində tədris ilinə ciddi hazırlıq işləri aparılır


10-09-2020, 12:21

Respublika mətbuatı Qazax haqqında

Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi

Qazaxda 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli Qərarından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Rayon icra hakimiyyətinin məsul işçiləri və təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə bir sıra vacib məsələlərə toxunulmuşdur. Qeyd edilmişdir ki, yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinə buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkili, pandemiya ilə əlaqədar şagirdlərin dərsə başlamalarının növbəli şəkildə tənzimlənməsi, onların siniflərdə yerləşdirilməsi xüsusi diqqətdə olmalıdır. Məktəbə daxil olan hər bir müəllimin və şagirdin hərarətinin ölçülməsi üçün aparatların, dərs otaqlarında dezinfeksiyaedici məhlulların qoyulması, şagirdlərin hərarətini ölçmək üçün müəyyən şəxslərin ayrılması, tibbi maskadan istifadənin nəzarətə götürülməsi və ehtiyat maskaların təşkili, pandemiya qaydalarına necə əməl edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə maarifləndirici lövhələrin hazırlanıb vurulması vacibdir. Məktəblərin su və istilik sisteminin nəzarətdə saxlanması və digər məsələlər müzakirə edilmişdir. Bütün bu məsələlərin vaxtında həyata keçirilməsi üçün təhsil şöbəsinin rəhbərliyinə və aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilmişdir.


Tədbirdə vurğulanmışdır ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər bəhrəsini verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazaxda da uğurla icra olunur. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bunun əyani sübutudur. Təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Sarıvəlli kənd tam orta məktəbi üçün 220 şagird yerlik yeni binanın inşa olunması, yenə də fond tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin əsaslı şəkildə yenidən qurulması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın tikilməsi, ölkə rəhbəri tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi ilə bağlı imzalanmış sərəncam Qazax təhsilinə və gələcəyimiz olan uşaqlara olan dövlət qayğısının bariz nümunəsidir. Tədbir iştirakçıları bütün bunlara görə dövlət başçısına və Birinci vitse-prezidentə minnətdarlıq etmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

10 sentyabr 2020-ci il



Geri qayıt