İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri də onlayn dərslərə qatılıblar
Hər kəsə yaxşı məlumdur ki, Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də məhz təhsil sahəsidir. Son illər rayon rəhbərliyi tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunan təhsil sahəsinin inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür. İstər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin təhsil sahəsinə olan qayğısının bariz nümunəsini isə ildən-ilə artan ali məktəblərə qəbulun nəticələrindən də aydın şəkildə görmək olar.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Daha sonra Nazirlər Kabinetinin Sərəncamına əsasən 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin növbəti dəfə təxirə salınmasına dair qərar qəbul olundu. Və ən nəhayət koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Hazırda isə karantin rejiminin müddəti mayın 4-dək uzadılıb.
Respublikamızın bütün bölgələri ilə yanaşı, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyinə və xüsusi karantin rejiminin tələblərinə həssaslıqla yanaşılır. Belə ki, karantin rejimi müddətində şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi altında onlayn dərslər keçirilir. Artıq xeyli vaxtdır ki, rayonun şəhər və kənd məktəbləri daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.
İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri də onlayn dərslərdə fəal iştirak edirlər.
Onu da qeyd edək ki, şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlərə dərslər Azərbaycan və rus bölməsi üzrə keçirilir. 2017-2018-ci tədris ilində məktəbdə 472 nəfər şagird təhsil almışdır. Məktəbi bitirən 28 nəfər məzunun hər biri ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 14 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Tələbə adını qazanan gənclərdən 2 nəfəri 500-dən yuxarı bal toplamışdır. Tədris ilində şagirdlərin illik dərsə davamiyyət göstəricisi 92,3% olmuşdur.
2018-2019-cu tədris ili bir çox məktəblər kimi, şəhər 3 nömrəli tam orta məktəb üçün də uğurlu olmuşdur. Məktəbdə 473 nəfər şagird təhsil almışdır ki, onlardan 32 nəfəri məktəbi bitirərək məzun adını qazanmışdır. Həmin məzunlardan 28 nəfəri ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd vermişdir. Həmin məzunlardan 16 nəfəri dövlət ali məktəblərinə, 2 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 3 nəfəri 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Məktəbin məzunlarından Əmrahova Ləman Mahmud qızı 638 balla Tibb Universitetinə, Musayeva Valerya Vüqar qızı 626 balla Prezident yanında İdarəçilik Akademiyasına və Nəbiyev Telman İlqar oğlu 613 balla İqtisad Universitetinə daxil olaraq oxuduqları məktəbin adını layiqincə ucaltmışlar. Yola saldığımız tədris ilində şagirdlərin illik dərsə davamiyyəti 92,19% təşkil etmişdir.
Əvvəlki tədris illərində qazandıqları nailiyyətləri bu il də əldə etmək üçün şəhər 3 nömrəli tam orta məktəbin müəllim kollektivi var qüvvəsi ilə çalışır. Əsasən də məktəbdə tədrisin dayandırılmasına baxmayaraq qaldıqları yerdən davam edərək onlayn dərsləri uğurla yerinə yetirirlər.
Öz şagirdlərinin təhsildən geri qalmamaları üçün əllərindən gələni əsirgəməyən müəllimlərimizdən - şəhər 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Könül Abdullayeva və Azərbaycan dili və Ədəbiyyat müəllimi Aygün Bayramova da onlayn dərslərdə fəal iştirak edirlər. Tədris etdikləri fənləri keçdikləri dərslərlə şagirdlərinə sevdirən hər iki müəllim onların təhsildən geri qalmamaları üçün ilk gündən onlayn dərsləri davam etdirirlər.
Könül Abdullayeva tərəfindən V sinif şagirdləri ilə "Dəyişən olan ifadələr və ifadələrin sadələşdirilməsi” mövzusunda keçirilən onlayn riyaziyyat, Aygün Bayramova tərəfindən VIII sinif şagirdləri ilə "Oktay Eloğlu” mövzusunda keçirilən onlayn Azərbaycan dili və Ədəbiyyat dərslərini təqdim edirik. Aşağıdakı linklərə daxil olaraq keçirilən dərslərin qısa məzmununu izləyə bilərsiniz.
GOYEZEN.AZ
Facebook-da paylaş