• Təqvim

  • Maraq



Qazaxlı müəllimlər də onlayn dərslərdə fəal iştirak edirlər


Hər kəsə yaxşı məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsil sahəsinin inkişafı hər bir ölkə üçün prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycan da təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü addımlar atan ölkələr sırasındadır. Bunu son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən də aydın şəkildə görmək olar. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”larında yeni məktəb tikintisi, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması, məktəblərin maddi-texniki təminatının yaxşılaşdırılması və s. kimi bəndlərin geniş şəkildə yer alması ölkəmizdə təhsil sahəsinə olan diqqətin bariz nümunəsidir. Bundan əlavə, Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra olunması Azərbaycanda təhsil sahəsinə olan böyük qayğı deməkdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ölkə başçısının qayğısı sayəsində rayonda təhsilin keyfiyyətinin artırılması, müəllim və şagirdlərin yüksək şəraiti olan məktəblərdə elmlə məşğul olmaları üçün hər cür şərait yaradılır. Ötən ilin 4 fevralında əsaslı yenidənqurmadan sonra istifadəyə verilən 
964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb, hazırda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidənqurma işləri yekunlaşan Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi, eləcə də Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsi, Təhsil Nazirliyi tərəfindən A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşası bu dediklərimizin əyani sübutudur. Qazax şəhərində 700 şagird yerlik Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manatın ayrılması haqqında Respublika Prezidenti İlham Əliyevin 5 mart 2020-ci il tarixli Sərəncamı təhsil sahəsinə olan qayğısının Qazaxın timsalında daha bir bariz nümunəsidir. 

Məhz Qazaxda təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, rayonda ali məktəblərə qəbulun göstəriciləri ildən-ilə artır. Son iki tədris ilinə nəzər yetirsək bunun əyani şahidi olarıq. 2017-2018-ci tədris ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə rayon üzrə əvvəlki ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak etmişdir ki, onlardan 329 nəfər ali təhsil müəssisəsinə qəbul olaraq tələbə adını qazanmışdır. Həmin tədris ilində ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrdən 19 nəfəri 600-dən, 49 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Tədris ilində şagirdlərin illik dərsə davamiyyət göstəricisi 95,7% olmuşdur.

2018-2019-cu tədris ilində isə rayonun ümumtəhsil məktəblərini bitirən 701 məzundan 488 nəfəri ali və orta ixtisas məktəblərinə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd vermişdir. Həmin məzunlardan 305 nəfəri dövlət ali məktəblərinə, 14 nəfəri isə xüsusi təyinatlı ali məktəblərə qəbul olmuşdur. Cari ilin məzunlarından 319 nəfər, əvvəlki illərin məzunlarından 16 nəfər olmaqla, cəmi 335 nəfər tələbə adını qazanmışdır. Ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfəri 600 baldan, 33 nəfəri isə 500 baldan yüksək nəticə göstərmişdir. Yola saldığımız tədris ilində şagirdlərin illik dərsə davamiyyəti 95% təşkil etmişdir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur. Daha sonra Nazirlər Kabinetinin Sərəncamına əsasən 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin növbəti dəfə təxirə salınmasına dair qərar qəbul olundu. Və ən nəhayət koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edildi. Hazırda isə karantin rejiminin müddəti mayın 4-dək uzadılıb.

Respublikamızın hər yerində olduğu kimi, Qazada da xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilir. Artıq xeyli müddətdir ki, rayonun şəhər və kənd məktəbləri daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Ötən tədris ilində məzunlarından 2 nəfəri 600-dən, 6 nəfər isə 500-dən yuxarı nəticə göstərən Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəb bu il də yüksək göstəricilər əldə etmək üçün qaldıqları yerdən davam edərək onlayn dərsləri uğurla yerinə yetirirlər.

Öz şagirdlərinə kimya fənninin sirlərini böyük həvəslə öyrədən məktəbin kimya müəllimi Nazilə Abbasova qeyd edir ki, onlayn dərslərin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması, eyni zamanda da dərslərindən uzaq qalmamasıdır. Bunu keçdiyi onlayn dərslər zamanı şagirdlərinə də bildirən Nazilə müəllimin IX sinif şagirdləri ilə "Aminlər” mövzusunda keçdiyi onlayn dərsi təqdim edirik.


GOYEZEN.AZ



Facebook-da paylaş