• Təqvim

  • Maraq



Qazaxda uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya işləri aparılır


Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 25 (6-sı şəhər, 19-u kənd) uşaq bağçasında dezinfeksiya işləri aparılır. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanır.

İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Qeyd edək ki, dezinfeksiya işləri başa çatdıqdan sonra uşaq bağçalarında geniş təmizlik, tibbi-profilaktik işlər görüləcək. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacaq. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.



 

GOYEZEN.AZ



Facebook-da paylaş