Millət vəkili Səməd Seyidov əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovla birlikdə əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında olub.
Son illər ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirən millət vəkili Səməd Seyidov bu qayğının Qazaxda da hiss olunduğunu bildirib. Son illər dövlət başçısının diqqət və qayğısı sayəsində rayon rəhbərliyi tərəfindən Qazaxda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata keçirilən tədbirləri, görülən işləri razılıq hissi ilə qarşılayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırıldığını və bu istiqamətdə görülən işlərin bu gün də davam etdirildiyini bildirib. Kənddə təmirə ehtiyacı olan üçüncü bağçanın - 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu, hazırda bağçanın dam örtüyünün vurulduğunu, yaxın günlərdə də suvaq və digər işlərə start veriləcəyini qeyd edib.
Bağça müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını tərbiyəçilərin, valideynlərin və uşaqların bu gün də böyük sevinc hissi ilə qarşıladıqlarını vurğulayıb. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv, eləcə də valideynlər adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə bir daha dərin minnətdarlığını çatdırıb.
Daha sonra rayon rəhbəri və millət vəkili Səməd Seyidov bağçanın qarşısında yerləşən 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının və kənd şəhidlərinin xatirəsini əbədiləşdirən abidələrə də baxış keçiriblər. Burada da abadlıq və quruculuq işlərinin aparılacağı, daha müasir görkəmə salınacağı qeyd olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş