Millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə onlayn şəkildə görüşüb
Bu
gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov qazaxlı gənclərlə onlayn şəkildə görüşüb.
Videoformatda keçirilən görüşdə Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva, Qazax RİH
başçısı aparatında baş məsləhətçi Teybə
Hüseynova, deputatın köməkçisi Akif Əmirov, rayonda fəaliyyət göstərən Gənclər
və İdman İdarəsinin, "Gənclər evi” sosial xidmət müəssisəsinin, Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri, Gənclərin Məşvərət
şurasının üzvləri, Bakı Dövlət Unversitetinin Qazax filialının və Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatlarının sədrləri və tələbələri,
fəal gənclər iştirak ediblər. 100-ə yaxın gəncin qatıldığı görüşdə son günlər
ölkəmizdə baş verən hadisələrdən danışlıb, iştirakçılar fikirlərini bölüşüblər.
Millət vəkili Səməd Seyidov giriş sözü ilə çıxış
edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Son
günlər Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, həmin döyüş
zamanı Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabdan söz açan millət
vəlkili həmin döyüşdə şəhid olan igid Vətən oğullarına Allahdan rəhmət
diləyib, ailələrinə bir daha başsağlığı verib. Düşmən təxribatının qarşısını alarkən
yaralanmış hərbçilərimizə tez bir zamanda sağalıb yenidən ordu sıralarına
qayıtmağı arzulayıb. Tovuz döyüşlərində həmyerlimiz Yuxarı Salahlı kənd sakini,
mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu bildirən millət
vəkili bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə
qalmadığını, qisasının alındığını qeyd edib.
S.Seyidov bildirib ki, döyüş
zamanı düşmən mərmilərini, toplarını bizə tuşlayaraq bizim birliyimizə,
gələcəyimizə, gəncliyimizə faktiki olaraq zərbə vurmağa çalışır. Lakin düşmən
nə qədər istəsə belə öz niyyətinə çata bilməyəcək. Çünki Azərbaycan gəncliyi çox
yüksək səviyyədə öz davranışı, fikirləri, münasibətləri ilə düşmənə zərbə
vurmağı bacarır. Hər zaman olduğu kimi, bu dəfə də tək döyüş meydanında deyil,
söz meydanında da əsl birlik, həmrəylik nümayiş etdirirlər. Qazaxda seçicilərlə
olan görüşlərdə də bunun bir daha şahidi oldum. İstər kəndlərdə, istərsə də
şəhərdə olan görüşlərdə gəncləri dinləyərkən bir daha əmin oldum ki, bu gün
düşmənlə 168 km sərhədi olan Qazaxda sağlam düşüncəyə, əqidəyə sahib, ürəyi
daim Vətən eşqi ilə döyünən gənclər ordusu yetişir. O gənclər ordusu ki, hər zaman ölkə başçısı,
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli!” əmrini
səbirsizliklə gözləyirlər.
Son illər Azərbaycanın
beynəlxalq sahədə qazandığı nailiyyətlərdən, böyük dövlətlərlə olan
əməkdaşlıqlarından söz açan deputat bütün bunların ölkəmizin gücünü, qüdrətini,
dövlətlər arasında söz sahibi olmasını göstərən amillər olduğunu qeyd edib. S.Seyidov Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri
kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun
COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini,
həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi,
BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş
Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların
yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsinin ölkəmiz üçün böyük
əhəmiyyət daşıdığını qeyd edib. Xüsusilə də tədbirdə Prezident İlham Əliyevin
Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi
pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi
təklifi ilə çıxış etməsini ölkəmiz adına atılan uğurlu addımlardan biri hesab
edib. Həmin təşəbbüsün həm QH
ölkələri, həm də digər BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsini
ölkəmizin növbəti uğuru kimi vurğulayıb. Və təbii ki, bu uğurun mənfur
düşmənimiz tərəfindən birmənalı şəkildə qarşılanmadığını, məkrli niyyətlərini
işə salmaq üçün bir bəhanə rolunu oynadığını və Tovuz hadisələrinin də bunun
bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Ermənilərin Tovuzda kəndlərdə
yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə
ziyan vurmasını ölkəmizə qarşı törədilən növbəti təxribat və edilən təcavüz
kimi qiymətləndirib.
S.Seyidov Ordumuzun düşmən hücumunu qəhərəmancasına
dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insanın Şəhidlər
xiyabanına gəlməsindən və birlik, həmrəylik nümayiş etdirməsindən də söz açıb.
Təxribatçı qrupların, xaricdə oturub ölkəmizə
qənim kəsilən sapı özümüzdən olan baltaların dövlətimizin gücünə, qüdrətinə
kölgə salmağa, xalq-dövlət arasındakı birliyi sarsıtmağa cəhd etdiklərini də
diqqətə çatdırıb. Lakin nə mənfur düşmənlərimizin, nə də həmin o ünsirlərin öz
istəklərinə çata bilmədiklərini, Azərbaycanla bağlı yalan məlumatları, həqiqəti
əks etdirməyən dezinformasiyaları istədikləri kimi çatdıra bilmədiklərini qeyd
edib. S.Seyidov bildirib ki, son günlər yaşananlar onu göstərdi ki, bizlər həm
xaricdə oturub mənfur düşmənlərimizə havadarlıq edənlərə, həm də daxilimizdə
olub həmin insanların əmrlərini yerinə yetirənlərə qarşı ikiqat mübarizə
aparmalıyıq. Düşmənə imkan verməməliyik ki, xalq-dövlət arasında uçurum
yaradacaq təxribatlara kənardan baxıb sevinsinlər. Millət vəkili gənclərə istər
döyüş meydanında, istərsə də söz meydanında hər zaman mübariz və fəal olmağı
bir daha tövsiyə edib və gələcək həyatlarında uğurlar arzulayıb.
Deputat
köməkçisi Akif Əmirov çıxış edərək bugünükü görüşün gənclər üçün böyük əhəmiyyət
daşıdığını qeyd edərək bundan sonra da mütəmadi olaraq təşkil olunacağını qeyd
edib. Gənclər olaraq hər zaman dövlətin, ölkə başçısının yanında olduqlarını,
xalq-dövlət birliyinə öz töhfələrini verməyə çalışdıqlarını diqqətə çatdırıb.
Qazax RİH başçısı aparatında İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar
Quluyeva çıxış edərək gərgin iş qrafikindən vaxt ayırıb gənclərlə bugünkü
görüşün təşkilinə görə millət vəkili Səməd Seyidova rayon gəncləri adından minnətdarlığını
bildirib. G.Quluyeva qeyd edib ki, iyulun 12-dən etibarən Ermənistan
Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən
və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı
silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması bir daha
sübut etdi ki, mənfur düşmən hər zaman azərbaycanlılara qarşı məkrli niyyətdə
olub. Həmin təxribat nəticəsində kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına,
o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi. G.Quluyeva qeyd edib
ki, həmişə olduğu kimi, bu dəfə də Azərbaycan dövlətinin öz vətəndaşının
yanında olmasının şahidi olduq. "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan
Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə,
dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan
qaldırılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyevin
20 iyul 2020-ci il tarixli Sərəncamı bir daha onu göstərdi ki, ölkə başçısı,
Ali Baş Komandan həmişə vətəndaşının çətin anında onun yanında olur, qayğısını əsirgəmir.
G.Quluyeva Tovuz hadisələrində igid Vətən
oğullarının şəhid olması xəbərinin bu gün də ürəkağrısı ilə qəbul edildiyini
bildirib. Şəhidlərimizlə yanaşı, yaralılarımızın olduğunu və bu gün onlara da
dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən
hücumunun qarşısını alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif
oğlunun ailəsinə baş çəkməsini, qayğıları ilə maraqlanmasını göstərilən dövlət qayğısının
bariz nümunəsi kimi göstərib.
Qazax RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova çıxış edərək ölkəmizdə
gənclərə göstərilən diqqət və qayğıdan, hər zaman gənc kadrlara önəm verilməsindən
söz açıb. Bu gün icra aparatında çalışan işçilərin əksəriyyətinin məhz gənc
kadrlar təşkil etdiyini bildirib. T.Hüseynova qeyd edib ki, gənclərə olan
qayğının nəticəsidir ki, bu gün ölkəmizdə böyük potensiala malik gənclər yetişir.
Hər bir gənc çalışdığı sahədə öz ölkəsinə, xalqına layiqli vətəndaş kimi
formalaşmağı qarşıya məqsəd qoyur. Ölkə rəhbərinin ətrafında sıx birləşərək
onun yürütdüyü siyasətin dəstəkçisi olmağı qarşıya məqsəd qoyur və o məqsədə
çatmaq üçün də var qüvvəsi ilə çalışır. T.Hüseynova çıxışında gənclərə sosial şəbəkələrdə
daha fəal olmağı, ölkəmizi Azərbaycanın adına layiq şəkildə təmsil etməyi, tək
döyüş meydanında deyil, söz meydanında da qalib gəlməyi bacarmalı olduqlarını
bildirib və bu sahədə aktiv olmağı tövsiyə edib.
Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin
müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək
bugünkü görüşün təşkilinə görə gənclər adından millət vəkili Səməd Seyidova təşəkkürlərini
çatdırıb. E.Əfəndiyeva qeyd edib ki, bu gün gənclər əmindirlər ki, onların
arxasında dayanan güclü Azərbaycan dövləti və ulu öndər Heydər Əliyevin siyasətini
layiqincə davam etdirən güclü ölkə Prezidenti var. Biz gənclərin də üzərinə bir
məsuliyyət düşür ki, o da dövlətimizi və onun rəhbərini dəstəkləyək, əməllərimizlə,
atdığımız addımlarla öz töhfəmizi verək. Bu yolda da gənclər olaraq var qüvvəmizlə
çalışacağıq.
Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki,
bugünkü görüşün təşkil olunması, görüşdə səslənən fikirlər bir daha onu sübut
etdi ki, Azərbaycanda sağlam düşüncəli gənclərin sırası gündən-günə genişlənir.
Azərbaycan dövləti yüksək intellektə, əqidəyə sahib olan gənclərin yetişməsi
üçün hər zaman bütün imkanlardan səmərəli istifadə edir, ən əsası da gənclərdən
diqqət və qayğısını əsirgəmir.
Gəclərdən
Şəadət Abbasov çıxış edərək onlarla təşkil olunan görüşə görə millət vəkili Səməd
Seyidova səmimi təşəkkürlərini çatdırıb. Vaxt ayırıb öz dəyərli fikirlərini
bölüşməsini, gənclərin fikirlərini öyrənməsini onlara olan qayğı kimi dəyərləndirib.
Ziyalılarımızın fikirlərinin onlar üçün hər zaman qiymətli olduğunu, xüsusi önəm
daşıdığını qeyd edib. Həmişə olduğu kimi, bundan sonra da bir gənc olaraq dövlətçilik
naminə var qüvvəsi ilə çalışacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş