• Təqvim

  • Maraq



İcra başçısı Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında olub


Azərbaycanda ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində bütün sahələr kimi səhiyyə sahəsi də daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması dayanır. Təqdirəlayiq hal isə odur ki, ölkə başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkədə səhiyyə islahatlarının uğurla reallaşdırılması təkcə paytaxt Bakını deyil, bütün bölgələrimizi əhatə edir. Respublikamızda inşa olunan tibb müəssisələri ən müasir avadanlıqla təchiz olunur, müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilir, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir edilir. Qazaxda da bütün sahələr kimi səhiyyə sahəsi dövlətimizin qayğısı ilə tam əhatə olunub. Dövlət başçısının bu sahəyə olan diqqəti sayəsində rayonda sakinlərin sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Martın 3-də ölkə başçısının iştirakı ilə yeni istifadəyə verilən 145 çarpayılıq 10 korpusdan ibarət olan Rayon Mərkəzi Xəstəxanası da bu sahəyə olan qayğının bariz nümunəsidir. 3 hektarlıq ərazidə inşa olunan müasir tibb ocağı Qazaxda səhiyyə sahəsinin inkişaf etdirilməsi istiqamətində atılan ən uğurlu addımdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət ayırdığı, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında olması, burada müalicə olunan xəstələrlə görüşməsi isə artıq bir ənənə halını alıb. Belə ki, rayon rəhbəri ilk gündən bu həssas təbəqədən olan insanlara xüsusi qayğı ilə yanaşır, istər bayram günlərində, istərsə də adi günlərdə həmişə onları yad edir.

 

İcra başçısı bu gün də xəstəxanada olub, işçilərin və xəstələrin qayğıları, onlara göstərilən xidmətlərlə, ərzaq təminatı ilə maraqlanıb. Rayon rəhbəri burada müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu bildirib. Qeyd edib ki, ötən il bu xəstəxanada da təmir işləri həyata keçirildi. Əvvəlki şəraitlə bugünkü vəziyyəti müqayisə edərkən görürük ki, şərait xeyli dərəcədə yaxşılaşıb. Bu il üzrə də nəzərdə tutulan bütün təmir işləri yerinə yetiriləcək. Vurğulayıb ki, bu gün görülən işlərin nəticəsidir ki, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə olunan xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibəti köklü surətdə dəyişib.

Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Ramiz Mansurov rayonda inşa olunan və müasir standartlara cavab verən mərkəzi xəstəxana binasına görə ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirib. Səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, xüsusilə də Psixiatriya Xəstəxanasının kollektivinə və burada müalicə olunan xəstələrə göstərdiyi qayğıya görə icra başçısına sonsuz təşəkkürlərini çatdırıb. Qeyd edib ki, sizin hər dəfə bura gəlməyiniz, xəstələrə baş çəkməyiniz böyük məsuliyyət hissi ilə yanaşı, istər həkimlərdə, istərsə də xəstələrdə dövlətə və dövlət başçısına böyük inam hissi yaradır. Sizin sayənizdə bütün xəstələr əsl dövlət qayğısını hiss edirlər.

Rayon rəhbəri görüləcək təmir işləri ilə bağlı sonda bir daha tapşırıq və tövsiyələrini verib.


GOYEZEN.AZ



Facebook-da paylaş