İcra başçısı Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında olub
Bu gün tam əminliklə söyləyə bilərik
ki, son illər Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və
düşünülmüş siyasəti sayəsində dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrindən
birinə çevrilir. Təqdirəlayiq hal isə odur ki, gündən-günə yeni uğurlara imza
atan ölkəmizdə bütün sahələr kimi səhiyyə sahəsi də daim diqqət mərkəzində
saxlanılır. Bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün dövlət siyasətinin
mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı, insanların müasir səhiyyə
xidmətləri ilə təmin olunması dayanır. Son 15 ildə ölkə başçısının yürütdüyü
məqsədyönlü siyasət nəticəsində ölkədə səhiyyə islahatlarının uğurla
reallaşdırılması nəticəsində təkcə paytaxtda deyil, bölgələrdəki tibb
müəssisələri də ən müasir avadanlıqla təchiz olunur, müalicə-diaqnostika mərkəzləri,
xəstəxanalar tikilir, mövcud səhiyyə ocaqları əsaslı şəkildə təmir olunur. Bu gün birmənalı şəkildə deyə bilərik
ki, Qazaxda bütün sahələr kimi səhiyyə sahəsi də dövlətimizin qayğısı ilə tam əhatə
olunub. Dövlət başçısının bu sahəyə olan diqqəti sayəsində rayonda sakinlərin
sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə xidmət
göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Rayonda 145 çarpayılıq 10
korpusdan ibarət olan Mərkəzi Xəstəxana Kompleksinin tikintisi də bu sahəyə
olan qayğının bariz nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin
olunduğu ilk gündən xüsusi diqqət ayırdığı, mütəmadi olaraq qayğı ilə yanaşdığı
sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin Qazax Rayonlararası
Psixiatriya Xəstəxanasında olması, burada müalicə olunan xəstələrlə görüşməsi
isə artıq bir ənənə çevrilib. Belə ki, rayon rəhbəri ilk gündən bu həssas təbəqədən
olan insanlara xüsusi qayğı ilə yanaşır, istər bayram günlərində, istərsə də
adi günlərdə həmişə onları yad edir. İcra başçısı bu gün də xəstəxanada olub, həm burada aparılan təmir
işləri ilə tanış olub, həm də işçilərin və xəstələrin qayğıları, onlara göstərilən
xidmətlərlə, ərzaq təminatı ilə maraqlanıb. Rayon rəhbərliyi burada çalışan həkim və tibb bacıları ilə görüşərək
müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli
olduğunu bildirib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab
verən yeni xəstəxana kompleksi inşa olunub və yaxın vaxtlarda istifadəyə veriləcək.
Bununla da dövlətimiz tərəfindən Qazax rayonunda səhiyyənin yüksək səviyyədə fəaliyyət
göstərməsi üçün tam şərait yaradılacaq. İcra başçısı bildirib ki, ötən il bu xəstəxanada da təmir işləri həyata
keçirildi. Əvvəlki şəraitlə bugünkü vəziyyəti müqayisə edərkən görürük ki, şərait
xeyli dərəcədə yaxşılaşıb. Bu il üzrə də nəzərdə tutulan bütün təmir işləri yerinə
yetirilir və bu işlər bundan sonra da davam etdiriləcək. Qeyd edib ki, bu gün
görülən işlərin nəticəsidir ki, xəstə ilə həkim, həkim ilə xəstə, müalicə
olunan xəstələrin yaxınlarının həkimlərə, səhiyyə müəssisələrinə olan münasibəti
köklü surətdə dəyişib. Qazax Rayonlararası
Psixiatriya Xəstəxanasının baş həkimi
Ramiz Mansurov rayonda inşa olunan və müasir standartlara cavab verən mərkəzi xəstəxana
binasına görə ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını
bildirib. Səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, xüsusilə də Psixiatriya Xəstəxanasının kollektivinə və burada müalicə
olunan xəstələrə göstərdiyi qayğıya görə icra başçısına sonsuz təşəkkürlərini
çatdırıb. Qeyd edib ki, sizin hər dəfə bura gəlməyiniz, xəstələrə baş çəkməyiniz
böyük məsuliyyət hissi ilə yanaşı, istər həkimlərdə, istərsə də xəstələrdə dövlətə
və dövlət başçısına böyük inam hissi yaradır. Sizin sayənizdə bütün xəstələr əsl
dövlət qayğısını hiss edirlər. Rayon rəhbəri görülən işlərlə yaxından tanış olaraq sonda bir daha
tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş