Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazaxda sərhəddə yerləşən Cəfərli və Bala Cəfərli kəndlərinin sakinləri ilə görüşüb
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax
rayonunun 5 kəndi - Cəfərli, Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım və Məzəm
kəndləri daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı,
Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də
işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı
uğrunda 287 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını
alıb. Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazax rayonunun düşmənlə sərhəddə
yerləşən kəndləri daim diqqət mərkəzindədir. İstər dövlətimiz, istərsə də rayon
rəhbərliyi tərəfindən sərhəd bölgəsində yaşayan sakinlərə hər zaman diqqət və qayğı
göstərilir. Qarşılaşdıqları problem və çatışmazlıqlar öyrənilir və həlli üçün yerindəcə
tapşırıqlar verilir. Rayon rəhbərliyinin sərhəd kəndlərində yaşayan sakinlərə
olan diqqət və qayğısının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon
rəhbərliyi arasında səmimi bir münasibət, doğmalıq yaranıb. Sakinlərə olan
qayğının ən bariz nümunəsi isə rayon rəhbərinin mütəmadi olaraq sərhəd
kəndlərində olması, görüşlər keçirməsi, eləcə də onların xeyir və şər işlərində
iştirak etməsidir. Digər sərhəd kəndləri kimi, Cəfərli və Bala Cəfərli kəndləri də dövlətimizin,
ölkə başçısının, rayon rəhbərinin daim diqqət mərkəzində saxladığı
kəndlərdəndir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın Cəfərli və Bala Cəfərli
kəndlərinin sakinləri ilə görüşməsi, onların qayğıları ilə maraqlanmaları
dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısının daha bir əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış
edərək kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd
edib ki, ötən həftə səyyar görüşdə də söylədiyim kimi bu cür görüşlərin əsas məqsədi siz sakinləri narahat edən
məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. "Bu gün rayonumuzda
elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın”, - deyən icra başçısı son
3 ildə Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin geniş vüsət
aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri,
eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etdirilməsini,
tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani
sübutu kimi qiymətləndirib. İcra başçısı Prezident İlham Əliyevin siyasətinin
əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini
bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə
keçirdiyi görüşü vətəndaşlara olan qayğının əyani sübutu kimi qiymətləndirən
rayon rəhbəri bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini, onları narahat
edən hər hansı bir məsələ olarsa, müsbət həlli üçün bundan sonra da daim xüsusi
həssaslıqla yanaşılacağını qeyd edib. İcra başçısı son illər Cəfərli və Bala Cəfərli
kəndlərində aparılan quruculuq işlərindən, vətəndaşların rifah halının
yaxşılaşdırılması istiqamətində görülən işlərdən də söz açıb. Ölkə başçısının
diqqət və qayğısı sayəsində Cəfərli kəndində yeni asfalt yolun çəkilməsini, kənddə
uşaq bağçasının əsaslı təmirdən sonra körpə fidanların istifadəsinə verilməsini
görülən işlərin bariz nümunəsi kimi dəyərləndirib. İcra başçısı kənddə həlli vacib olan bir sıra məsələlərdən də danışıb.
Hazırda kənddə torpaq islahatının aparılmaması, qəzalı vəziyyətdə olan evlərin
təmiri, yeni salınmış evlərə qaz xəttinin çəkilməsi kimi məsələlərin olduğunu
bildirib və bu istiqamətdə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu
qeyd edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək
sakinləri salamlayıb, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün
respublikamızın bölgələrində olan inkişafı Qazaxın, hətta, rayonun sərhəd kəndlərində
aparılan genişmiqyaslı quruculuq işlərindən aydın şəkildə görmək olur. Ölkə
başçısının rəhbərliyi altında bölgələrimizin, eləcə də Qazaxımızın siması sözün
yaxşı mənasında gündən-günə dəyişir. Daha abad və yaraşıqlı olur. Bütün bunlar
isə bir vətəndaş kimi məni çox sevindirir. Qürur hissi duyuram ki, bu gün dövlət
başçısının həyata keçirdiyi uğurlu siyasət Qazaxda olduğu kimi icra olunur. Ən
əsası isə rayonda vətəndaş amili hər zaman ön planda tutulur. Ü.Ağayeva
seçicilərinin ona olan etimadını hər zaman yüksək qiymətləndirdiyini və o
etimadı layiqincə doğrultmağa çalışdığını qeyd edib. Onlara olan diqqətin,
qayğının bundan sonra da olduğu kimi, davam edəcəyini söyləyib. Kənd sakinlərindən ağsaqqal Sabir Vəliyev, Məzahir
Mustafayev, Abdulla Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, bu
gün biz sülh və əmin-amanlıq şəraitində yaşayırıqsa, Prezident İlham Əliyevə
minnətdar olmalıyıq. Bu gün sərhədimizin sərhədçilər tərəfindən qorunması
bir daha sübut etdi ki, biz sərhəddə yaşayan sakinlərin təhlükəsizliyi hər
zaman dövlətimiz üçün başlıca məsələlərdən biri olub və bundan sonra da
olacaqdır. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını
qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham
Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya kənd sakinləri adından minnətdarlıqlarını
çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə
rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər. Kənddə yeni uşaq
bağçasının istifadəyə verilməsini, yeni asfalt yolun çəkilməsini bu gün də
razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıblar. Rayonda vətəndaş amilinin ön planda tutulmasından danışan
sakinlər qeyd ediblər ki, biz sərhəddə yaşayan sakinlər hər dəfə əmin oluruq
ki, bizə arxa olan dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz var. Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə
şəkili çəkdirilib.
GOYEZEN.AZ
Rayon
rəhbəri digər kəndlərdə olduğu kimi, Cəfərli kəndində də su probleminin
olduğunu və bu sahədə xeyli işlər görüldüyünü vurğulayıb. Ən son Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən kənddə əhalinin su təminatını yaxşılaşdırmaq məqsədilə
kəndin yuxarı hissəsində ən hündür nöqtəyə 2 ədəd 25 tonluq su çənlərinin
qoyulmasını, kənddəki mövcud subartezian quyusunun nasosunun və boruların
yenisi ilə əvəz edilməsini, evlərə su xəttinin çəkilməsini qeyd edib.
Facebook-da paylaş