Qazaxın sərhəd kəndləri daim diqqət mərkəzindədir
Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında isti bir münasibət, doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər icra başçısı Rəcəb Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir.
Sərhəddə yerləşən Cəfərli kəndi də rayon rəhbərinin daim diqqət mərkəzində saxladığı kəndlərdəndir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır. Hər il bayram ərəfəsində kənddə olur, sakinləri təbrik edir, qayğıları ilə maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Milli Məclisin deputatı Ülviyyə Ağayeva ilə birlikdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sərhəd kəndi olan Cəfərlidə yaşayan sakinlərlə görüşüb.
Ötən ilin dekabrında istifadəyə verilən Cəfərli kənd uşaq bağçasında keçirilən görüşdə son 2 il yarım ərzində Qazaxda istər tikinti-quruculuq sahəsində, istər elm, təhsil, mədəniyyət sahələrində, istərsə də kənd təsərrüfatında qazanılan uğurlu nəticələrdən söz açılıb.
Rayon rəhbəri çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn bayramlar münasibətilə ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, həmişə olduğu kimi bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
Bildirib ki, bu gün rayonumuzda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. 2016, 2017-ci illərdə görülən işləri müqayisə edən rayon rəhbəri bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.
İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da ön plana çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman sərhəddə, eləcə də başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, səyyar görüşlərdən də yaxşı bilirsiniz.
Rayonumuzda yol infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, ölkə başçısının Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı da bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə xidmət göstərir. Məhz həmin Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri rahat şəkildə yeni asfalt yoldan istifadə edirlər.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva da görüşdə çıxış edərək sakinləri əlamətdar günlər münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün respublikamızın hər yeriində olduğu kimi, Qazaxda, xüsusilə sərhəddə yerləşən kəndlərdə aparılan genişmiqyaslı quruculuq işləri göz qabağındadır. Ölkə başçısının rəhbərliyi altında bölgələrimizin, eləcə də Qazaxımızın siması sözün yaxşı mənasında gündən-günə dəyişir. Daha abad və yaraşıqlı olur. Bütün bunlar isə bir vətəndaş kimi məni çox sevindirir. Qürur hissi duyuram ki, bu gün dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət Qazaxda olduğu kimi icra olunur. Ən əsası isə rayonda vətəndaş amili hər zaman ön planda tutulur.
Kənd sakinlərindən ağsaqqal Sabir Vəliyev, Məzahir Mustafayev, Vidadi Aslanov, Alı Əliyev, Mehman Nəbiyev və başqaları çıxış edərək bildiriblər ki, bu gün biz sülh və əmin-amanlıq şəraitində yaşayırıqsa, Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Çıxış edənlər rayonda, eləcə də kənddə görülən genişmiqyaslı işlərdən də danışıblar. Ötən il kənddə yeni uşaq bağçasının istifadəyə verilməsini, yeni asfalt yolun çəkilməsini sərhəddə yaşayan sakinlərə göstərilən qayğı kimi qiymətləndiriblər. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər. Rayonda son iki il yarım ərzində vətəndaş amilinin ön planda tutulmasından danışıblar. Qeyd ediblər ki, biz sərhəddə yaşayan sakinlər hər dəfə əmin oluruq ki, bizə arxa olan dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz var.
Sonra rayon rəhbəri və Milli Məclisin deputatı Ülviyyə Ağayeva Cəfərli kənd uşaq bağçasında körpə balalar üçün yaradılan şəraitlə tanış olub, uşaqların ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıblar. Uşaqların yeni il şənliyində iştirak edərək körpə fidanların söylədikləri şeirləri dinləyib. bir-birindən rəngarəng çıxışlarını izləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş