Qonaqlar İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış olublar
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət
Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, akademik
Şahin Mustafayev və digər qonaqlarla birlikdə əsaslı təmir olunan Xalq yazıçısı İsmayıl
Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbində görülən işlərlə tanış
olublar. Qonaqlara məlumat verilib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi
üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının
əsaslı təmiri nəzərdə tutulub ki, həmin məktəblərdən biri də məhz 1176
şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Qeyd olunub ki, məktəbin
istismara yararsız olması nəzərə alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir olunması Xalq yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara
verilən daha bir yüksək qiymətdir. İş icraçısı İlqar Səfərov görülən işlər barədə məlumat
verərək istər əsas binada, istərsə də təmir müddətində şagirdlərin dərsi üçün
nəzərdə tutulan, məktəbin yaxınlığında yerləşən yardımçı binada bütün işlərin
paralel olaraq həyata keçirildiyini qeyd edib. Birinci mərtəbəsində 8, ikinci
mərtəbəsində isə 9 otaq yerləşən ikimərtəbəli yardımçı binada hazırda dam
örtüyünün vurulduğunu, xarici və daxili fasadda suvaq işlərinin aparıldığını
bildirib. İş icraçısı əsas məktəb binasında görülən işlər barədə
də məlumat verərək qeyd edib ki, hazırda dam örtüyünün vurulması üçün kəmər
tökülür, yaxın günlərdə də çatqı qurularaq örtüklərin vurulmasına başlanılacaq.
Üçmərtəbəli binanın 3-cü mərtəbəsində söküntü işləri tam başa çatıb. İkinci
mərtəbədə isə yekunlaşmaq üzrədir. Bundan əlavə, məktəbin kənarına hasar
çəkilməsi üçün özül hissənin qazılması ilə yanaşı, hörgü işlərinə də
başlanılıb. Qonaqlar və rayon rəhbərliyi Xalq yazıçısı İsmayıl
Şıxlının 100 illik yubileyi ilə əlaqədar büstünün qoyulacağı yerə də baxıb,
fikirlərini bölüşüblər. Məktəbdə ilkin variantda nəzərdə tutulan təmir işləri
başa çatdıqdan sonra büstün qoyulmasının nəzərdə tutulduğu vurğulanıb. Kənd sakini Tariyel Nəsibov ölkə başçısı İlham Əliyevə
və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban
Əliyevaya məktəbin əsaslı təmirinə görə bir daha kənd camaatının adından minnətdarlığını
bildirib. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ərəfəsində onun
adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərinin kənd sakinləri
tərəfindən böyük sevinc hissi ilə qarşılandığını söyləyib. Sonra qonaqlar 2017-ci ilin oktyabrında əsaslı təmirdən
sonra istifadəyə verilən 30 yerlik 2
saylı və 25 yerlik 3 saylı körpələr evi-uşaq bağçalarında yaradılan şəraitlə də
tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş