Uşaqlara qayğı ölkə siyasətinin prioritet istiqamətlərindən biridir
Bu gün
Azərbaycanda uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara
yaradılan şərait dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edir. Tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi
gələcəyimiz olan uşaqlar üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Son
illər ölkə rəhbərinin bu sahəni diqqət mərkəzində saxlaması, məktəblərin, körpələr
evi-uşaq bağçalarının inşası ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunu
söyləməyə əsas verir. Bağçalarla
bağlı həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri Qazax rayonunda da geniş
miqyas alıb. Son 3 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun
azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə
olunması istiqamətində gördüyü məqsədyönlü işlər bu sahənin daim diqqət
mərkəzində olmasından xəbər verir. Rayonda olan bağçaların yüksək səviyyədə
təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi uşaqlara olan
sonsuz qayğının əyani göstəricisidir. Bu gün mövcud olan 25 uşaq bağçasından
17-nin tam müasir standartlara cavab verən səviyyədə olması gələcəyimiz olan
uşaqlara olan qayğının bundan sonra da yüksək səviyyədə olması deməkdir. Həmin
təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından
Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3
saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli,
Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar. Sevindirici hal isə odur
ki, bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli
ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı da daim diqqət
mərkəzində saxlanılır. Bu gün Qazax Rayon İcra
Hakimiyyətində bağçaların mövcud vəziyyəti, uşaqlara göstərilən qayğı ilə bağlı
keçirilən növbəti iclas da bu sahənin diqqət mərkəzində olmasından irəli gəlir. Rayonda fəaliyyət göstərən
bağça müdirlərinin iştirak etdiyi iclasda bağçalarda yaradılan şərait,
körpələrə göstərilən xidmət və s. məsələlər müzakirə olunub. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, dövlətin və
dövlət başçısının uşaqlarla bağlı siyasəti Qazaxda da əsas prioritet
məsələlərdən biri hesab edilir. Məhz bunun nəticəsidir ki, rayonda bütün
bağçaların yüksək səviyyədə təmir olunması, əsaslı şəkildə yenidən qurulması
istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ildən-ilə artmaqdadır. İcra başçısı körpələr üçün
yaradılan şəraitlə yanaşı, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları,
ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə də maraqlanıb. Bağçalarda
istər yataq otaqlarında, istər mətbəxdə, istər oyun otaqlarında təmizliyə
riayət olunmasını, uşaqların sağlamlığının hər şeydən vacib sayılmasını
bildirib. Yüksək təchizatla bərabər uşaqlara hər zaman diqqət və qayğı
göstərilməsini, keyfiyyətli yeməklərlə təmin olunmasını, vaxtlı-vaxtında tibbi
müayinədən keçmələrini, təhlükəsizliklərinin təmin olunmasını vacib
məsələlərdən hesab edən rayon rəhbəri bu istiqamətdə əməli işlərin görüldüyünü
qeyd edib. Uşaqlara olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə
olacağını bildirərək bağçalardakı olan mövcud vəziyyətlə bağlı bəzi
tapşırıqlarını verib. Tədbirdə iştirak edən bağça
müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı
göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə rəhbərlik
etdikləri kollektivlər adından öz dərin minnətdarlıqlarını
bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha
yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya və səmimi
münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş