Əsas Səhifə > Manşet / Təhsil > Uşaqlara qayğı ölkə siyasətinin prioritet istiqamətlərindən biridir

Uşaqlara qayğı ölkə siyasətinin prioritet istiqamətlərindən biridir


5-04-2019, 21:18


Bu gün Azərbaycanda uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan şərait dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi gələcəyimiz olan uşaqlar üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Son illər ölkə rəhbərinin bu sahəni diqqət mərkəzində saxlaması, məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunu söyləməyə əsas verir.

Bağçalarla bağlı həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri Qazax rayonunda da geniş miqyas alıb. Son 3 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində gördüyü məqsədyönlü işlər bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. Rayonda olan bağçaların yüksək səviyyədə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi uşaqlara olan sonsuz qayğının əyani göstəricisidir. Bu gün mövcud olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyədə olması gələcəyimiz olan uşaqlara olan qayğının bundan sonra da yüksək səviyyədə olması deməkdir. Həmin təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar.

Sevindirici hal isə odur ki, bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı da daim diqqət mərkəzində saxlanılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində bağçaların mövcud vəziyyəti, uşaqlara göstərilən qayğı ilə bağlı keçirilən növbəti iclas da bu sahənin diqqət mərkəzində olmasından irəli gəlir.

Rayonda fəaliyyət göstərən bağça müdirlərinin iştirak etdiyi iclasda bağçalarda yaradılan şərait, körpələrə göstərilən xidmət və s. məsələlər müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, dövlətin və dövlət başçısının uşaqlarla bağlı siyasəti Qazaxda da əsas prioritet məsələlərdən biri hesab edilir. Məhz bunun nəticəsidir ki, rayonda bütün bağçaların yüksək səviyyədə təmir olunması, əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ildən-ilə artmaqdadır.

İcra başçısı körpələr üçün yaradılan şəraitlə yanaşı, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə də maraqlanıb. Bağçalarda istər yataq otaqlarında, istər mətbəxdə, istər oyun otaqlarında təmizliyə riayət olunmasını, uşaqların sağlamlığının hər şeydən vacib sayılmasını bildirib. Yüksək təchizatla bərabər uşaqlara hər zaman diqqət və qayğı göstərilməsini, keyfiyyətli yeməklərlə təmin olunmasını, vaxtlı-vaxtında tibbi müayinədən keçmələrini, təhlükəsizliklərinin təmin olunmasını vacib məsələlərdən hesab edən rayon rəhbəri bu istiqamətdə əməli işlərin görüldüyünü qeyd edib. Uşaqlara olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirərək bağçalardakı olan mövcud vəziyyətlə bağlı bəzi tapşırıqlarını verib.

Tədbirdə iştirak edən bağça müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə rəhbərlik etdikləri kollektivlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya və səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.


GOYEZEN.AZ


Geri qayıt