• Təqvim

  • Maraq



Bağçaların fəaliyyəti ilə bağlı müşavirə keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət ayırdığı sahələrdən biri də azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün yaradılan şəraitdir. Rayon rəhbərinin mütəmadi olaraq rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir. Bundan əlavə, rayonda yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi bunun əyani sübutudur.

Bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. İstər şəhər, istərsə də kənd bağçalarında uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün məqsədyönlü işlər görülür.

Sevindirici hal odur ki, bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı daim diqqət mərkəzində saxlanılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində bağçaların mövcud vəziyyəti, uşaqlara göstərilən qayğı ilə bağlı keçirilən müşavirə də bu sahənin diqqət mərkəzində olmasından xəbər verir.

Şəhərdə fəaliyyət göstərən bağça kollektivlərinin iştirak etdiyi müşavirədə bağçalarda yaradılan şərait, körpələrə göstərilən xidmət, müəllim-valideyn arasında olan münasibət və s. məsələlər müzakirə olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, bu gün ölkə başçısının uşaqlara olan qayğısı, onların parlaq gələcəyi naminə gördüyü işlər Qazax rayonunda da uğurla icra olunur. Dövlətin və dövlət başçısının uşaqlarla bağlı siyasəti Qazaxda da əsas prioritet məsələlərdən hesab edilir. Məhz bunun nəticəsidir ki, rayonda bütün bağçaların yüksək səviyyədə təmir olunması, əsaslı şəkildə yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Rayon rəhbəri qeyd edib ki, bu gün sevinc hissi ilə qeyd edə bilərik ki Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalar sırasındadır.  

Bundan başqa, rayonda daha iki bağçanın – şəhər 6 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarının da əsaslı şəkildə yenidən qurulması bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.

İcra başçısı körpələr üçün yaradılan şəraitlə yanaşı, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə də maraqlanıb. Bağçalarda istər yataq otaqlarında, istər mətbəxdə, istər oyun otaqlarında təmizliyə riayət olunmasını, uşaqların sağlamlığının hər şeydən vacib sayılmasını bildirib. Yüksək təchizatla bərabər uşaqlara hər zaman diqqət və qayğı göstərilməsini, keyfiyyətli yeməklərlə təmin olunmasını, vaxtlı-vaxtında tibbi müayinədən keçmələrini, təhlükəsizliklərinin təmin olunmasını vacib məsələlərdən hesab edən rayon rəhbəri bu istiqamətdə əməli işlərin görüldüyünü qeyd edib. Uşaqlara olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirərək bağçalarda olan mövcud vəziyyətlə bağlı bəzi tapşırıq və tövsiyələrini verib.


Tədbirdə iştirak edən bağça müdirləri, tərbiyəçi müəllimlər, digər işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

GOYEZEN.AZ



Facebook-da paylaş