Bağçalarda uşaqlara göstərilən diqqət və qayğı yüksək səviyyədə olmalıdır
Qazax rayonunda
azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan
bağçalarda təlim-tərbiyə olunması üçün yaradılan şərait həmişə diqqət
mərkəzində saxlanılır. Bunu rayonda yeni uşaq bağçalarının tikilməsindən,
əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasından, müasir inventar və
avadanlıqlarla təmin edilməsindən aydın şəkildə görmək olar. Bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı
şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr
evi-uşaq bağçası, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq
bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar
kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli
kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalar sırasındadır. Bundan əlavə, rayonda daha iki bağçanın – şəhər 6 saylı və İkinci Şıxlı
kənd 2 saylı körpələr evi-uşaq bağçalarının da əsaslı şəkildə yenidən qurulması
bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Sevindirici hal odur ki, bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların
keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı da
daim diqqət mərkəzindədir. Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun mütəmadi olaraq rayonda fəaliyyət
göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı
ilə yerində tanış olması bunun bariz nümunəsidir. Bu gün icra başçısı
daha iki bağçada – bir ay əvvəl yeni istifadəyə verilən şəhər 3 saylı körpələr
evi-uşaq bağçası və hal-hazırda əsaslı şəkildə yenidən qurulan 6 saylı körpələr
evi-uşaq bağçasının müvəqqəti yerləşdiyi binada olub. Körpələr üçün yaradılan
şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən
yeməklərin keyfiyyəti ilə maraqlanıb. Yataq otaqlarına, mətbəxə, oyun otaqlarına,
musiqi otağına baxıb. Lazımi tapşırıq və tövsiyələrini verib. Bağça müdirləri
və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı
göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv
adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi
təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları
üçün göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini
çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan
bütün infrastrukturların yaradıldığını qeyd ediblər.
Facebook-da paylaş