• Təqvim

  • Maraq



Dövlətin sosial siyasətinin mərkəzində vətəndaş amili dayanır


Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi dayanır. Respublika Prezidenti İlham Əliyevin də söylədiyi kimi bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci bir ölkə yoxdur.Çünki ölkəmizdə bu prinsip hər gün daha geniş şəkildə  davam etdirilir. Xüsusən də son illərdə qəbul olunan Qərarlar, imzalanan çoxsaylı Sərəncam və Fərmanlar bilavasitə əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı bir daha onu göstərdi ki, qəbul olunmuş bu Dövlət Proqramı növbəti 5 il ərzində Azərbaycanın inkişafı ilə yanaşı, eyni zamanda, vətəndaşların güzəranının yaxşılaşdırılmasına yönəlib.

Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanan əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında 7 fevral 2019-cu il tarixli, Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 8 fevral 2019-cu il tarixli Sərəncamlar bir daha onu sübut etdi ki, ölkədə həyata keçirilən bütün islahatların, atılan uğurlu addımların təməlində vətəndaş amili və bu istiqamətdə görülən işlər dayanır.

Ölkə başçısının bu istiqamətdə yürütdüyü dövlət siyasəti bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək qiymətləndirilir və minnətdarlıq hissi ilə qarşılanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində minimum aylıq əməkhaqqının artımı ilə əlaqədar keçirilən iclasda da bu fikir səslənib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, son illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılmış, əhalinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Sonra rayonda fəaliyyət göstərən və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarla bağlı bəzi məsələlər müzakirə olunub.

İclasda iştirak edənlər artımla bağlı fikirlərini bölüşərək ölkə başçısının Sərəncamına əsasən mart ayının 1-dən minimum aylıq əməkhaqqının 180 manat olmasını razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Vətəndaşın rihah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətə görə Respublika Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

 



Facebook-da paylaş