Qazaxda “Şəhidli, şahidli gecə” adlı rəsm sərgisi və kompozisiya nümayiş olunub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin və rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "Şəhidli, şahidli gecə” adlı rəsm sərgisi və kompozisiya nümayiş olunub.
Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Qazax RİHB aparatının məsul işçiləri, Qarabağ müharibəsi əlilləri və veteranları, Bakı Dövlət Universiteti Qazax fillialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim-tələbə kollektivləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, KİV nümayəndələri iştirak ediblər.
20 Yanvar faciəsini özündə əks etdirən sərgidə qalereyanın fondundan və rayon məktəblilərinin, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin 20 Yanvar faciəsinə həsr olunmuş 70 əsəri sərgilənib. Məktəb şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə faciə qurbanlarını əks etdirən rəsmlər yer alıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərgidə iştirak etmək üçün Qazax Dövlət Rəsm Qalereyasına gəlib.
Tədbir Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.
Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra icra başçısı və sərgi iştirakçıları Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan 20 Yanvar faciəsini özündə əks etdirən məktəblilərin əl işləri ilə tanış olublar. Rayon rəhbəri hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb, məktəblilərlə söhbət edib, bu istedadlı uşaqların rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb. Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söyləyiblər. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Nərmin Tatlıyevanın, Türkan İsgəndərovanın, S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri Növrəstə Haqverdiyevanın, Fatimə və Sənubər Məmmədovaların şəhidlərimizə həsr etdikləri şeirlər sərgiyə toplaşanlar tərəfindən qürur hissi ilə qarşılanıb.
Tədbirin aparıcısı, gənc rəssamAkif Əmirov rayon rəhbərliyinə məktəblilərin əl işlərindən ibarət olan sərgi barədə məlumat verib. Qeyd olunub ki, uşaqlar 20 Yanvar faciəsini öz gözləri ilə görmədiklərinə baxmayaraq çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənə nifrət canlı şəkildə əks etdirilib.
Daha sonra İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri Sevda Qocalıyevanın, Əfqan Osmanovun, Fidan Hüseynovanın, Vahid Məmmədovun, Şəfa Qurbanovanın, Nazim Şaqumovun, Çinarə Ömərovanın, Nigar Vəliyevanın, Validə Şəmilovanın, Nurcan Əsgərovanın iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin törədilməsindən 29 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın törədilmişdir. Faciə zamanı yüzlərlə insan şəhid olmuş, yaralanmış və xəsarət almışdır. Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ümummilli lider ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.
"Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır”,- deyən rayon rəhbəri bildirib ki, bu ucalığa yüksələnlərin ömür yolu gələcək nəsillər üçün örnəkdir. 20 Yanvar şəhidlərinin mübarizəsi də Azərbaycan xalqının qəhrəmanlıq tarixi, vətənpərvərlik dərsidir. Qətiyyətli lideri və güclü ordusu olan Azərbaycan xalqı əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır! Xalqımız bir daha soyqırımlarla, faciələrlə sınağa çəkilməyəcəkdir! Çünki Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin yolunu qətiyyətlə davam etdirərək ölkəmizin müstəqilliyini daimi və əbədi edib.
Rayon rəhbəri qeyd edib ki, bu gün Respublika Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Hər il 20 Yanvar faciəsinin ildönümü ölkəmizdə geniş qeyd olunur.
İcra başçısı bildirib ki, bu gün minlərlə şəhidi olan Azərbaycanda düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi və 7 nəfər Milli Qəhrəmanı var.
"Bu gün biz azad şəkildə yaşayırıqsa, bunu şəhidlərimizə borcluyuq”, - deyən rayon rəhbəri Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edib. Nəinki şəhidlərimizə, eləcə də Qarabağ müharibəsi veteranlarına, əlillərinə də daim diqqət və qayğı göstərildiyini bildirib.
Gənc rəssam Akif Əmirov çıxış edərək bildirib ki, 20 Yanvar günü tariximizə qanla yazılsa da, bu gün biz qürur gününü yaşayırıq. Şəhidliyin uca zirvə olduğunu bildirən gənc rəssam bu ali məqamın Allah qatında da yüksək dəyəri olduğunu qeyd edib. Şəhidlərin hər bir azərbaycanlının övladı olduğunu və daim qəlblərdə yaşadıqlarını vurğulayıb. Bu cür sərgilərin davamlı olmasının vacibliyini önə çəkərək gənc və yeniyetmələrin vətənpərvər ruhda böyüməsində böyük rolu olduğunu bildirib.
S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavinləri Xasay Balayev, Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək 20 Yanvar hadisələrindən söhbət açıb, həmin gün xalqımızın igid oğul və qızlarının göstərdikləri şücaətdən danışıblar. Bu gün təşkil olunan sərginin məktəblilərin vətənpərvər ruhda böyüməsində, tərbiyə olunmasında, gənclərin öz tarixi keçmişinə sahib çıxmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Qazax Dövlət Rəsm Qalereyasının sərgi salonunda sərgilənən rəsmlər, nümayiş etdirilən matəm kompozisiyaları, söylənilən şeirlər bir daha sübut edib ki, bugünkü nəsil vətənpərvər ruhda böyüyür və bunun üçün Qazaxda məqsədyönlü işlər həyata keçirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş