• Təqvim

  • Maraq



Çoxmənzilli binada işlərin xeyli hissəsi görülüb


Bu gün Qazax rayonunda bütün sahələrlə yanaşı, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər də geniş vüsət alıb. Respublika Prezidenti  İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi, bu il daha 83 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işlərinin aparılması, 3 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikilməsi və təmir olunması, bir binanın həyətində bu işin davam etdirilməsi rayon sakinlərinə göstərilən diqqət və qayğı deməkdir.

Bundan əlavə, dövlət başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da uğurla icra olunur. Sərəncama əsasən şəhərin Azadlıq küçəsi 92 ünvanında yerləşən 4 bloklu, 5 mərtəbəli, 36 ailənin və Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 ailənin yaşadığı binaların dam örtüklərinin dəyişdirilməsi görülən işlərin əyani sübutudur.

Şəhərin Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan, 37 ailənin yaşadığı "Oxumaq-oxumaq” adlanan bina da əsaslı şəkildə təmir olunur. Binanın blokları ilə yanaşı, xarici fasadında suvaq işləri aparılır. Elektrik xətləri səliqəyə salınır. Bloklarda üzlük vurulması işi demək olar ki, yekunlaşmaq üzrədir.

Əsaslı şəkildə təmir işləri aparılan binalardan biri də şəhərin N.Nərimanov yaşayış massivində yerləşən, 4 bloklu, 5 mərtəbəli, 1 saylı binadır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin binada görülən işlərlə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, binanın istər bloklarında, istərsə də xarici fasadında işlər paralel olaraq aparılır. Hazırda bloklarda və xarici fasadda üzlük vurulur. Sakinlərin istəyini nəzərə alaraq binanın həyətində xeyir-şər evi tikilir. Bundan başqa, binanın həyətində olan köhnə daşlar sökülərək səliqəyə salınır, blokların giriş hissəsinə beton tökülür. Eyni zamanda, binanın kənarında sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün yeni beton pilləkanlar qoyulub.

Qazaxda çoxmənzilli binalarda görülən işləri rayon sakinləri də yüksək qiymətləndirirlər. Respublikamızda, eləcə də rayonda görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.














GOYEZEN.AZ

 



Facebook-da paylaş