• Təqvim

  • Maraq



Tütün sahəsinə baxış keçirilib


Ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli Sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması tütünçülüyün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, qəbul edilmiş həmin dövlət proqramına uyğun olaraq respublikamızın bütün bölgələrində tütünçülüyün inkişafına dövlət dəstəyi güclənmiş, rəqabət qabiliyyəti yüksəlmiş və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır.

Qazax rayonunda da iqtisadi cəhətdən daha gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişafına önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər cari ildə əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Kosalar kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olublar.

Məlumat verilib ki, tütünçülüyün inkişafı məqsədilə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir.

Tütünçülərlə səmimi söhbət zamanı fermerlər rayon rəhbərliyinə görülən işlər haqqında məlumat verərək bildiriblər ki, bu günədək 156 ton yaş tütün tədarük edilib. 10 tondan çox məhsul "İlham-M” MMC-yə təhvil verilib. Qeyd ediblər ki, hazırda tütün dərimi sürətlə davam edir. Dərimin vaxtında və itkisiz başa çatdırılması üçün əlverişli keçən hava şəraitindən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Yığılmış tütün xüsusi talvarlar altında ipə düzülərək qurudulur.

Sahdə çalışan tütünçülərdən Minayə Qarayusifova, Cəvahir Paşayeva, Gülayə Mustafayeva respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə ölkə başçısı İlham Əliyevə, mütəmadi olaraq göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.




GOYEZEN.AZ



Facebook-da paylaş