Çaylı kəndində də abadlıq və quruculuq işləri uğurla davam etdirilir
Son 2 il 4 ay ərzində abadlıq və quruculuq
işlərinin geniş vüsət aldığı Qazax rayonunda nəinki şəhər mərkəzində, eləcə də
bütün kəndlərdə genişmiqyaslı işlər görülür. Bütün kəndlərdə istər əhalinin
rahatlığının təmin olunması, istər kəndin abadlaşması, müasir görkəmə salınması
istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Rayon rəhbərliyinin daim diqqət mərkəzində
saxladığı kəndlərdən biri də Çaylı kəndidir. Rayon rəhbərinin fəaliyyətə
başladığı ilk gündən kənd sakinləri ilə mütəmadi görüşlər keçirməsi, qayğıları
ilə maraqlanması, kənddəki mövcud vəziyyəti yerində öyrənməsi bunun bariz
nümunəsidir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də Çaylı kəndində olub, kənddə aparılan abadlıq işləri ilə
maraqlanıb. Rayon rəhbəri əvvəlcə kənddə yerləşən köhnə idman
zalının inzibati binasının mövcud vəziyyəti ilə tanış olub. Görülən işlərlə
tanış olan rayon rəhbəri idman zalının yenidən bərpa olunmasını yüksək
qiymətləndirib. Gənclərin idman sahəsinə olan marağının təmin olunmasında idman
zalına böyük tələbat olduğunu bildirib. Binanın təmir olunması və gənclərin
istifadəsinə verilməsi üçün tapşırıq və tövsiyələrini verib. Sonra icra
başçısı Çaylı kənd 1 saylı tam orta məktəbində olub, məktəbin həyətində olan
köhnə binaya baxıb. Otaqlarla tanış olan rayon rəhbəri binanın mövcud vəziyyəti
ilə maraqlandıqdan sonra müəllimlərlə görüşüb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik
edib, gələcək işlərində uğurlar arzulayıb. Sonra rayon rəhbəri rayonumuzda, eləcə də bütün kəndlərdə
görülən işlərdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi "Yol
iqtisadiyyat, mədəniyyət, həyat deməkdir” sözlərinə bu gün də böyük hörmətlə
yanaşılır. Respublikamızda istifadəyə verilən yeni yollar kəndlərimizdə
iqtisadiyyatın, mədəniyyətin, bir sözlə, bütün sahələrin inkişafına təkan
verir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
yol tikintisi geniş vüsət almışdır. Bu gün şəhər və rayonlarla yanaşı kəndlərimizə
də yüksək keyfiyyətli yollar çəkilir. Çaylı kəndinə çəkilmiş uzunluğu 6 km olan
yeni asfalt yol da bunun əyani sübutudur. Məktəbin direktoru Çəməngül İsmayılova, müəllimlərdən
Gülüstan Göşşüyeva, Rübabə Məmmədrzayeva, Əsmayə Carçıyeva və başqaları çıxış
edərək təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə rayon rəhbərinə
dərin minnətdarlıqlarını bildiriblər. Rayonda görülən işləri, xüsusilə də Çaylı
kəndinə yeni yolun çəkilməsini yüksək qiymətləndirərək Respublika Prezidenti
İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını
çatdırıblar. Rayonda çoxsaylı bağçaların tikintisindən söz açan
sakinlər Çaylı kəndində də bağçanın tikintisinə böyük ehtiyac olduğunu qeyd
ediblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri digər kəndlərdə olduğu kimi,
Çaylı kəndində də yeni bağçanın yaradılmasının nəzərdə tutulduğunu və bu
istiqamətdə məqsədyönlü işlər görüləcəyini bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş