• Təqvim

  • Maraq

Qazaxda Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə "Vurğun İmzası: Gənclərin Söz Səhnəsi" adlı tədbir keçirilib

2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır.

İyunun 19-daQazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə "Vurğun İmzası: Gənclərin Söz Səhnəsi" adlı tədbir keçirilib.

Könüllülərin təşəbbüsü və təşkilatçılığı ilə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbdə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, Səməd Vurğun Poeziya evinin əməkdaşları, mədəniyyət işçiləri, Qazax rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin müəllim və şagirdləri, könüllülər, Yuxarı Salahlı kəndinin ziyalıları, KİV nümayəndələri iştirak ediblər.

Rəsmi açılış öncəsi"Sözün Rəngi" rəsm sərgisinə baxış olub. Rayon rəhbərliyi və iştirakçılar gənc könüllü rəssamların Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr etdikləri fırça işlərinə və rəsm tablolarına baxış keçiriblər.

Sərgidə BDU Qazax filialının, Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Nigar Allahverdiyevanın, Filologiya ixtisasının III kurs tələbəsiElmira Alməmmədovanın, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Səma Nağıyevanın, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının I kurs tələbəsi İmaməddin Hüseynovun, Sosial iş ixtisasının II kurs tələbəsi Səadət Mirzəyevanın əsərləri yer alıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı,Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açıb. Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Xalq şairinin 120 illik yubileyinin ölkəmizin hər yerində, o cümlədən şairin doğma Vətənində, Qazaxda silsilə tədbirlərlə qeyd olunduğunu, bugünkü tədbirin də həmin tədbirlərin davamı olduğunu söyləyib. Gənclər olaraq təşkil etdikləri bugünkü tədbirlə Xalq şairinin 120 illik yubileyinə töhfə vermək istədiklərini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı biz qazaxlılara, sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümüdür. Həmin sənəddən irəli gələrək ölkəmizdə, o cümlədən rayonumuzda yubiley tədbirləri silsilə şəkildə təşkil olunur. İndi keçirdiyimiz tədbir həmin tədbirlərin davamıdır. İcra başçısı qeyd edib ki, Azərbaycanımızın ilk Xalq şairi Səməd Vurğun Qazaxımızın, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır.

Rayon rəhbəri qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı hər birimizə məlumdur. H.Əliyevin S.Vurğun haqqındakı fikirləri, böyük sənətkarın, təkcə əsərlərini mütaliəsinə yox, şəxsi müşahidələrinə də əsaslanır. S.Vurğun, H.Əliyevin öz ifadəsi ilə desək, "gənclik illərinin şairi" olub. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70, 80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, H.Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Ulu Öndər Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illik yubiley gecəsindəki nitqində deyirdi: Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Görkəmli dövlət xadiminin ustad şairin şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir.

İcra başçısı qeyd edib ki, bu gün respublikanın, demək olar ki, hər rayonunda şairin adına parklar, küçələr, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir. Xalq şairinin adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. İcra başçısı çıxışını Ulu Öndərin dahi şair barədə səsləndirdiyi dəyərli fikirləri ilə yekunlaşdırıb. “Biz bu günümüzə görə - xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik... Bugünkü Azərbaycan əzəmətli, böyük bir binadır. Bu binaya hərə öz payını qoyubdur - kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur. Biz Səməd Vurğunla fəxr edirik”.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisiƏziz Məsmalıyev, Yuxarı Salahlı kəndinin ziyalılarından, təqaüddə olan müəllimlərMəmləkət Quliyeva, Məhəmməd Vəkilovçıxış edərək Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, milli poeziyanın inkişafındakı müstəsna rolundan danışıblar. Çıxış edənlər 1906-cı ilin 21 martında dünyaya göz açıb, 1956-cı ilin 27 mayında dünyasını dəyişən Səməd Vurğunun özündən sonra yalnız zəngin ədəbi irs deyil, həm də bir mövqe, bir düşüncə və milli-mənəvi miras qoyub getdiyini söyləyiblər. Onun yaradıcılığının Azərbaycanın dağlarını, çaylarını, ağrılarını və ümidlərini özündə yaşadan mənəvi xəzinə olduğunu vurğulayıblar. Anadan olmasının 120 illiyində Səməd Vurğunun böyüklüyünün və əhəmiyyətinin daha aydın göründüyünü, onun yalnız öz dövrünə deyil, gələcəyə də səslənən sənətkar olduğunu qeyd ediblər. Gənclərin ərsəyə gətirdikləri bugünkü tədbirin şairin yaradıcılığına verilən dəyər və töhfə olduğunu bildiriblər.

Tədbirdə gənc könüllülər arasında keçirilən Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri də öz yazılarını təqdim ediblər. I yerin qalibi, BDU Qazax filialının Tarix ixtisasının III kurs tələbəsi Əhməyev Ümid Mollacuma oğlu, II yerin qalibi, BDU Qazax filialının Sosial iş ixtisasının II kurs tələbəsi Kosayeva Nərgiz Amil qızı,III yerin qalibi BDU Qazax filialının Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Aslanlı Tərlan İlham qızı öz yazı işlərini səhnədə səsləndiriblər.

Daha sonra tədbirin bədii hissəsinə - “Vurğun Nəfəsi” Poeziya Marafonuna start verilib.Tədbirin bədii hissəsində gənc könüllülərin təqdimatında Xalq şairi Səməd Vurğunun zəngin yaradıcılığını əks etdirən ölməz poeziya nümunələri səsləndirilib.

BDU Qazax filialının, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Tərlan Aslanlı şairin "Ala Gözlər", Filologiya ixtisasının I kurs tələbəsi Sahibə Əlizadə şairin "Şair, nə tez qocaldın sən", Tarix ixtisasının I kurs tələbəsi Leyla Qasımova şairin "Kür çayı", Riyaziyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Fəridə Məmmədovaşairin "Dağlar", Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının I kurs tələbəsi Qönçə Xəlilova şairin "Yada sal məni", Qazax Dövlət Sosial-İqtisadi Kollecin Poçt-rabitə ixtisasının II kurs tələbəsi Aysel Bayramova şairin "Azərbaycan", BDU Qazax filialının Turizim İşinin təşkili ixtisasının I kurs tələbəsi Məhəmməd Qaravəliyev şairin "Dilcan dərəsi" şeirlərini səsləndiriblər.

Yuxarı Salahlı kənd folklor evinin uşaq aşıqlar qrupunun şairin “Azərbaycan” şeirinə hazırladıqları kompozisiya alqışlarla qarşılanıb.

Sonda intellektual viktorina keçirilib. Qazax rayon ArazƏmilov adına Daş Salahlı kənd 1 nömrəli, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli, Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı, Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta ümumtəhsil məktəblərin şagirdləri arasında (5 komanda, hər komandada 5 nəfər) keçirilən viktorinada Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına dair suallar səsləndirilib.

Yekun nəticəyə əsasən Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta ümumtəhsil məktəbin “Dilcoşanlar” komandası 1-ci yerə, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta ümumtəhsil məktəbin “Kür sədası” komandası 2-ci yerə, Qazax rayon ArazƏmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin “Poeziya məşəli” komandası 3-cü yerə layiq görülüblər.

Qalib komandaların üzvləri və inşa yazı müsabiqəsinin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindənmükafatlandırılıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.




Facebook-da paylaş


{sape_links}