• Təqvim

  • Maraq



Qazaxda icra başçısı şəhid anasının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də bu əməlləri ilə gənclərimizə örnək, nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.

Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.

Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də Qurbanov Emin Murad oğludur.

Qurbanov Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulmuş, Vətənin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 aprel 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 4 aprel 1993-cü ildə Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib. Dəmirçilər kənd tam orta ümumtəhsil məktəbi bu gün şəhid Emin Qurbanovun adını daşıyır.

Dekabrın 5-də qəhrəman şəhidimizin anası Qurbanova Yasəmən Əsəd qızı dünyasını dəyişib. Mərhum bu gün Dəmirçilər kənd qəbiristanlığında dəfn edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Dəmirçilər kəndində olub, şəhid anasının dəfn mərasimində iştirak edib.

İcra başçısı Rəcəb Babaşov mərhum Yasəmən Qurbanovanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşlarına, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. Nə qədər Azərbaycan xalqı var Emin Qurbanov kimi qəhrəmanlarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. “Bu gün özümə borc bildim ki, qəhrəman şəhidimizin anasının hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.



Facebook-da paylaş


{sape_links}