• Təqvim

  • Maraq



Qazaxda barama tədarükü başa çatıb


Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Ölkə başçısının "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir.

Sözügedən Sərəncamdan irəli gələn vəzifələrin icrası sayəsində ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Bu il artıq yeddinci ildir ki, qazaxlı kümçülər tərəfindən ipəkqurdu bəslənilirdi. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 2800 kq yaş baramanın istehsalı nəzərdə tutulmuşdu ki, qeyd edilən proqnoz artıqlaması ilə ödənilib. Belə ki, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə 70 qutu ipəkqurdu toxumunu yetişdirən kümçülər qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışaraq artıq barama tədarükünü başa çatdırıblar. Cari mövsümdə 2950 kq barama məhsulu tədarük olunub.

Qeyd edək ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı "Azəripək” MMC-yə təhvil vermələri üçün hər cür şərait yaradılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş